Özbəkistan Müdafiə Nazirliyinin Cənub-Qərb Dairəsinin Termez birləşmiş silah poliqonunda “Qarşılıqlı fəaliyyət-2025” Özbəkistan-Rusiya birgə təlimləri başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təlimlərin məqsədi dövlətlərarası hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi qardaşlığın möhkəmləndirilməsi, xüsusi əməliyyatların hazırlanması və keçirilməsində komanda-nəzarət orqanlarının vərdişlərinin təkmilləşdirilməsi, birgə döyüş əməliyyatlarının hazırlanması və keçirilməsi üzrə təcrübə mübadiləsi, o cümlədən müasir döyüşlərdə tətbiq olunan taktiki texnikanın tətbiqinin əlaqələndirilməsidir”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, təlimlərdə 400-ə yaxın xüsusi təyinatlı hərbçi iştirak edir, Rusiya tərəfi öz hərbi texnikası ilə təmsil olunur. Təlim planına uyğun olaraq, hər iki ölkənin hərbçiləri müxtəlif xüsusi tapşırıqları, o cümlədən döyüş şəraitində bölmələrə birgə komandanlıq, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi və imitasiya edilən düşmənin məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
“Təlimlər çərçivəsində müxtəlif döyüş hazırlığı tədbirlərinin, mədəniyyət və idman yarışlarının keçirilməsi nəzərdə tutulub. Ongünlük təlimlər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilir”, – mətbuat xidmətindən əlavə ediblər.