Xəbərlər

Pakistan silahlı insidentlərə görə Əfqanıstanla sərhədi bağlayıb

Pakistan Əfqanıstan ərazisindən nəzarət-buraxılış məntəqələrinə hücumlardan sonra Cənubi Vəziristanda Əfqanıstanla sərhədini bağlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Sərhəd mayın 13-də Əfqanıstanın Xost, Paktiya və Nanqarhar əyalətləri ilə həmsərhəd olan Kurram bölgəsində Pakistanın nəzarət-buraxılış məntəqələrinin qonşu tərəfdən atəşə tutulmasından sonra yaranmış gərgin vəziyyətə görə bağlanıb. Ağır silahlardan istifadə edilməklə Pakistan ərazisinin 10 km dərinliyində həyata keçirilən atəş nəticəsində 4 Pakistan təhlükəsizlik qüvvəsi yaralanıb. Əfqanıstan tərəfdən hücumun 12 iştirakçısı cavab atəşi ilə öldürülüb.

Cənubi Vəziristanda vəziyyət gərgin olaraq qalmaqdadır. Çərşənbə axşamı Əfqanıstandan atılan pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyi güman edilən partlayışda bölgədə 4 dinc sakin həlak olub.

Şimali və Cənubi Vəziristandakı radikal qruplar Vəziristan İslam Dövləti adlanan təşkilatın yaradılmasına can atır.

Vəziristan Pakistanın Əfqanıstanla sərhədində yerləşir. Bu yüksək dağlıq bölgə, orada fəaliyyət göstərən Əl-Qaidə yaraqlılarının, eləcə də Talibanla əlaqəli Təhrik-i-Taliban Pakistan qruplaşmasının fəallaşması səbəbindən Pakistanın qaynar nöqtələrindən biri hesab olunur.