Xəbərlər

Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərini tamamlayacaq

Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərini tamamlayacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Pakistan baş nazirinin müavini və Xarici İşlər Nazirliyinin rəhbəri İshaq Dar bildirib.

O qeyd edib ki, İranla Mir qaz kəmərinin tamamlanacağına əmindir.

“ABŞ Pakistan-İran qaz kəməri layihəsini dəstəkləmədiyini bildirib və Tehranla iş apararkən sanksiyalar riski barədə bizə xəbərdarlıq edib. Biz öz maraqlarımızı rəhbər tutmalı və heç nədən asılı olmayaraq, maraqlarımıza uyğun hərəkət etməliyik”, – deyə Dar vurğulayıb.

“Pakistan heç bir diktəyə tabe olmayacaq. Pakistan suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və onlardan Pakistanın suverenliyinə hörmət etmələrini gözləyirik”, – İshaq Dar əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfər etdiyini bildirib və bu səfəri yüksək qiymətləndirib. Səfər zamanı geosiyasi problemlər və mümkün Amerika sanksiyalarına baxmayaraq, Mir qaz kəmərinin tikintisinin başa çatdırılması müzakirə edilib.