Xəbərlər

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində 39 nəfər ölüb

Pakistanın cənub-qərb əyalətlərində son 3 gündə yağan güclü yağış və ildırım çaxması nəticəsində 39 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Dawn” internet saytı xəbər yayıb.

Məlumata görə, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən güclü yağış və ildırım çaxmaları nəticəsində ən azı 39 nəfər ölüb.

Səlahiyyətlilər həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib.

Yağışların yaratdığı daşqınlarda çox sayda ev zərər görüb, infrastruktura ciddi ziyan dəyib.

Qeyd edək ki, Pakistanda 2022-ci ildə ölkənin üçdə birini əhatə edən daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.