Həyat deyilən məfhum rəssamın əlində tutduğu palitranı xatırladır bəzən. Sanki hər insan, hər hadisə, hər duyğu bir fırça toxunuşu kimi bu palitrada öz yerini alır. Rəssam bu palitrada rəngləri bir-bir seçir, uyğunlaşdırır, birləşdirir və nəticədə ortaya həyat tablosu çıxır. Bu tablo isə hər gün, hər an yenilənir. Kimi zaman parlaq, sevinc dolu rənglərlə, kimi zaman solğun və kədərli çalarlarla boyanır. Palitranın müxtəlifliyi kimi, həyat da öz rəngləri ilə insanı gah coşdurur, gah susdurur, gah düşündürür.
Hər rəng həyatın bir və ya bir neçə anını ifadə edir. İnsan həyatı boyu saysız-hesabsız rənglərdən keçir. Uşaqlığın parlaq sarısı, ilk eşqin al-qırmızısı, həyatın gətirdiyi çətinliklərin bozluğu, yaşanmış ağrının tünd mavisi… Hər rəngin öz anlamı, öz dərinliyi vardır. Elə bu rənglər birləşəndə həyat tamamlanır, bütövləşir. Həyat bir tək rənglə mövcud ola bilməz, çünki hisslər tək deyil, hallar dəyişkəndir, xatirələr rəngarəngdir. Və biz hər yeni səhər o palitranın qarşısına keçib bu gün hansı rənglərlə iç-içə yaşayacağımızı bilmədən gözümüzü açırıq.
Məsələn, yaşıl ümid doğurur, durmadan irəliləməyi, inkişafı səciyyələndirir. Yaşıl həm təbiətin, həm də ruhun dirçəlişidir. Elə bir rəngdir ki, insana yaşamaq arzusu təlqin edir. Bahar fəslində təbiətin yaşıl geyimə bürünməsi də təsadüfi deyil. Bu rəngin özü bir mesajdır: “Yenidən başla, yenidən açıl, yenidən nəfəs al”. İnsanın yorulduğu, sarsıldığı, ümidsizliyə qapıldığı məqamda bir ağacın təzə tumurcuğuna, bir ot parçasının torpağı yarıb üzə çıxmasına baxması kifayətdir ki, ruhu bir az dinclik tapsın. Yaşıl həm də daxili sakitliyin rəngidir. O, səssiz, dərin, lakin möhkəm bir dayaq kimidir.
Eyni ilə işıqforun rəngi kimi yaşıl yandıqda irəliləmək lazımdır. Dayanmaq yox, tərəddüd yox. Yaşıl yandımı, gedəcəksən. Bu da həyatın bizə verdiyi işarədir. Bəzən elə anlar olur ki, qarşımızda yol görünmür, hər şey dumanlıdır. Amma bir cəsarət, bir inam bizi irəli aparır. Daxili yaşıl işıq yandıqda özümüzə “get” deyirik və gedirik. Bəlkə də, qorxuya baxmayaraq, yola çıxmaq həyatın ən gözəl mərhələsidir.
Bəzən də bir göz qırpımında keçib gedən gəncliyi xatırladır yarpaqların yaşılı… Uşaqlığın, ilk gənclik illərinin təravətli anları, hələ həyatın sərt üzünü görməmiş zamanlar… O yaşıl illər ki, insan hər səhərə ümidsiz deyil, sevinc dolu oyanardı. O yaşıl illər ki, səhvlər də gülüşlə keçilirdi, göz yaşları tez silinirdi. Gənclik palitranın ən parlaq yaşılının rəsmini çəkir. Bu yaşıl insanın gözlərindəki parlaqlıqda, səsindəki ümid tonunda və xəyal qurma qabiliyyətində gizlidir. Amma bu yaşıl da zamanla solur, saralır, tündləşir. Bəzən insan bu yaşıl rəngi tapmaq üçün illərlə keçmişə baxar, amma artıq o təravət köhnəlmiş bir xatirəyə çevrilmiş olar.
Ömrün payızında xəzəl olsa da, baxdıqca dodağına gülüş qondurur, içinə rahatlıq, ürəyinə inam gətirir. Payızın yaşılı başqa olur. O artıq gənc yaşıl deyil. Bir az tünd, bir az saralmış, amma dərin və sakit bir yaşıldır. Bu yaşıl insanın yaşadığını, öyrəndiyini, dözdüyünü xatırladır. Payızda yarpaqlar tökülər, bəli. Amma ağac bilmir ki, yazda yenə açacaq. Biz insanlar da həyatın payızında çox şey itiririk: sevdiklərimizi, arzularımızı … Amma içimizdəki yaşıl rəng tam yox olmur. Əgər içimizdəki yaşıl yaşamağa davam edirsə, demək ki, biz hələ də irəli baxa bilirik.
Bu palitra həm də bizim ruh halımızı daşıyan bir aynadır. Ətrafımıza baxanda gördüyümüz hər rəng içimizdəki bir duyğunu oyadır. Mavi bizi dincliyə çağırar, sarı enerji və istilik bəxş edər, qırmızı həyəcanla doludur. Qara isə bəzən qorxudan, bəzən də ciddilikdən xəbər verir. Amma bir insanın iç dünyası, yaddaşı, arzuları və yaşadıqları bu rənglərin qarışığıdır. Heç kim yalnız mavi, yalnız qırmızı, yalnız yaşıl deyil. Hər birimiz bir palitrayıq.
Bəzən həyat elə bir rəng çalar ki, biz onun adını belə bilmərik. Çünki bu tək bir hadisənin deyil, bir çox duyğunun və xatirənin üst-üstə düşməsi nəticəsində yaranmışdır. Palitranın rəngləri bizim ruhumuzun dərinliklərində yaranan o sirli duyğulardır. Bəzən bir musiqi, bir söz, bir şəkil həmin rəngi xatırladır bizə. Bəzən yuxudan oyandıqda baxışlarımız pəncərədən çölə yönələrkən hiss edərik bu rəngi. O anda həyatın necə bir sənət əsəri olduğunu anlayarıq.
Və sonda anlayırıq ki, həyat boyandıqca gözəlləşən bir tablodur. Hər rəng öz yerində dəyərlidir. Bəzən göz yaşlarının rəngi, bəzən gülüşlərin… Amma vacib olan o fırçanı əlinə alıb boyamağa davam etməkdir. Çünki bu palitra, bu ömür sənin tablon, sənin sənətindir.