“Ermənistan Azərbaycana sülh sazişinin bağlanması ilə bağlı təkliflər verib və Bakıdan konstruktiv cavab gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan tərəfləri narahat edən bütün məsələlərlə bağlı konkret təkliflər və həll yolları təqdim edib və Azərbaycandan konstruktiv cavab gözləyir. Ermənistan hökuməti sülh gündəmini irəli sürməyə sadiqdir və bu istiqamətdə fəal səylərini davam etdirəcək”, – Paşinyan qeyd edib.
O həmçinin Kobaxidzeyə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi barədə məlumat verdiyini bildirib və qeyd edib ki, bu prosesin növbəti mərhələsi Ermənistan, Azərbaycan və Gürcüstanın dövlətlərarası sərhədlərinin keçid məntəqəsinin yaxınlığından başlayacaq: “Gürcüstanın Baş naziri ilə bugünkü müzakirənin nəticəsi olaraq biz Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası prosesinin intensivləşdirilməsi barədə də danışdıq”.
Qeyd edək ki, Gürcüstan hökumətinin başçısı hökumətlərarası iqtisadi komissiyanın işində iştirak etmək üçün cümə axşamı Yerevana işgüzar səfərə gəlib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili də İrəvandadır, o, artıq erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparıb.