Fəsillərdən danışmaq istəyirəm. Nə insanları onlara bənzədəcəyəm, nə də onları insanlara. Sadəcə onların eşqindən yazacağam. Axı Yaradan hər şeyin nüvəsinə bir eşq yerləşdirib. Mən də o eşqi tapmağa, o eşqi duymağa çalışacağam. Axı “hər fəslin öz eşqi var”.
Ənənəni pozub baharla deyil, payızla başlayıram. Ona görə yox ki indi payızdı, ona görə ki çoxları nədənsə payızın eşqini görməkdə çətinlik çəkir. Ona görə ki məncə, həyat elə payızda başlayır. Bəlkə də bu yazı payızın adından bir umu-küsüdür, bəlkə də bir xatırlatmadır…
Ağacın yamyaşıl yarpağına qızılı ləkə düşən kimi istər-istəməz köks ötürürlər: “Payız gəldi…”. Payızın gəlişini arzuların saralıb-solması, ayrılıq kimi qəbul edirlər. Yarpağın budağından düşməsi, quşların isti ölkələrə uçub getməsi, havaların gündən-günə soyuması payıza qəmli, hüznlü bir kimlik qazandırıb. Mahnılara, şeirlərə hopub bu kədər:
Payız gəldi, uçdu getdi quşlar,
Sən də getdin, bax, yağdı yağışlar.
Qızmar günəşli, oynaq mehli, şıltaq yaydan sonra payız bir qədər durğun, bir qədər də susqun görünür. Dəli-dolu, ərköyün yayın həyəcanı adamın canından çıxmır ki, payızı da tanısın. Beləcə, rus şairi Aleksandr Puşkin demiş, payız “doğma ailənin sevilməyən övladına” çevrilir. Ola bilsin ki, ondan sonra gələn soyuq qışın sazağı bəri başdan göz önünə gətirilir ki, məxmər payızın sevgi payını da haram edir. Əslində, payız durğun yox, vurğundu. Həm də bu, sadə bir vurğunluq deyil, gizli aşiqlikdi. Bunları bilənlər bilir, bilməyənlər isə bir dünya gözəllikdən xəbərsiz qalır.
Payız bahar kimi sevmir, hislərini üzə vurmur, sevincindən çiçəyi çırtlamır. Bir var sevgidən qan qaynaya, hisslər coşa, ürək atlana – bu, baharın sevgisidi. Bir də var könlünə yol ağlından keçə və bütün məntiqin, soyuq düşüncən könülə qoşulub dəli-divanə ola – bu, payızın sevgisidi. Mövlana dediyi kimi: “Eşq sandığın qədər deyil, yandığın qədərdi”. Payız yana-yana, qana-qana sevir. Onun sevgisi yarpaqlarda əks olunan şölələrdi, tökdüyü göy yaşıdı, bəzən əsib-coşmağı, bəzən də həzin-həzin könlünün közünü külünə qarışdırmaqdı.
Payız baharın arzularının bəhrə verən vaxtıdır. Payızın sevgisi hər kəs üçün deyil, ona hər kəs çata bilmir. Bahar sevgisi çiçəkdir, ilk rüzgarla sovrulub uçar. Yalnız öz sevgisinə güvənib budağına sadiq qalan, soyuq, keşməkeşli günlərin sınağından çıxan çiçəklərə payız eşqi qismət olur. Payız sevgisi meyvədir, özündə bir ömür tutar. Payız sevgisinə sahib çıxır, çünki məsuliyyətini anlayır. Anlayır ki, bu, həvəs deyil, keçmişini qoruyub gələcəyini təmin eləməkdi. Payızın sevgisi yaradır – hər budağa öz “ürəyi boyda” sevgisini verir: beləcə, kiminə çürük, kiminə cır, kiminə də mükəmməl bir eşq payı düşür.
Payızın da öz çiçəkləri var. Bahardan xəbərsiz çiçəklər. Kimsə bunu o çiçəyin faciəsi hesab edir. Bir nəğmədə deyildiyi kimi:
Ömrün həsrət qalıb yaz günəşinə,
Nə vaxtsız solmusan, payız çiçəyi?
“Hər eşqin öz fəsli var…” – deyir Əbu Turxan. Heç şübhəsiz, payız eşqin qürubu, saralan-solan mərhələsi kimi təsəvvür edilir. Ancaq bir düşünün: çiçək heç nəyə baxmadan, zamana meydan oxuyaraq öz həyatının fəsillərini özü yaradır: başqalarından fərqli bir bahar yaşayır – öz baharını. Ona yaz günəşi lazım deyil, heç onu tanımır da, qovrulub kül olar onun ocağında. Ona sevgisinə nur çiləyən payız günəşi yetir. Öz gözəlliyi ilə qızılı yarpaqlarla yarışa girən, torpağın soyuyan “əllərini” təzə-tər nəfəsi ilə isidən, yağan yağışın altında titrəyə-titrəyə məsum-məsum gülümsəyən bu çiçəklər məgər kədərə, təəssüfəmi layiqdir? Onlar payızın eşqinin nişanələri deyilmi? Günəşlə doğulub günəşlə ölən sevgilərin yanında, ruhunun hərarəti ilə qızınıb ətrafında heç nəyə, heç kimə baxmadan öz varlığını bəyan edən, bozaran səmadan qorxmayıb allı-güllü üzü ilə ətrafını sevindirmək hünər deyilmi? Bu çiçəklər buludların torpağa olan sevgisindən tökdüyü göz yaşlarından doğulmurmu? Ən nəhayət, məgər eşq də solarmı?
Bəli, payızın rəngi sarıdır. Hər nə qədər solğunluqla qoşalaşdırsalar da, Qərbdə asiliyin, Uzaq Şərqdə imperatorluğun rəngi hesab edilən sarı. Düzdür, qırmızı, narıncı yarpaqlar da olur. Ancaq bunlar yalnız sarının çalarlarıdır. Höte deyir ki, sarı rəng enerjini oyadır. Bu, böyük van Qoqun da sevimli rəngidir, çünki yaradıcılıq enerjisini oyadırmış. Bernardın yazdığına görə, van Qoq həyat rəngi olan sarını həm tablolarında, həm də ürəklərdə görmək istəyirdi. Düzdür, o, sarı rəngi yayın zəmilərində, günəşə boylanan günəbaxanlarda, nura bələnmiş evlərdə istifadə edirdi, ancaq sarı payızın rəmzidir axı. Və bu, təsadüf deyil. Sarı rəng qırmızı və göy rənglər kimi əsas rəngdir və hər hansı rənglərin qarışığından alınmır. Payızda təbiət cilddən-cildə girməkdən bezib, nəhayət, özü olur, öz rənginə, öz mahiyyətinə qayıdır. Boyasız, bəzəksiz, necə varsa, durur qarşında. Sarı rəngi ilə payız hər kəsi öz iç dünyasına, öz könlünə boylanmağa məcbur edir. Bəlkə, buna görə payızda çoxları hüznlənir. Axı o iç dünyada həm də bir arzular qəbiristanlığı var… Zahiri parıltıya aldanmayan ruhun aşiqlik bacarığı onda çıxır ortaya. Bu boyasız, bəzəksiz budaqların gözəlliyini görmək, günəşdən yox, öz sarı yarpaqlarından gələn işığı sevmək elə də asan deyil. Məhəmməd İqbal deyir ki: “Ərlərin eşqi gözəlliyi təyin etməyin meyarıdır. Gözəlliyin üzərindəki pərdəni parçalayan bu eşq eyni zamanda onu pərdələyər”. Payızın eşqi ərlərin eşqidir – təbiəti öz təbii pərdəsinə bürüyüb sevdirir.
Bəzən payızın səmimiyyətinə aşiq olan ağaclar payızda da çiçək açır. Hamı ona başqa dünyadan qəfil gəlmiş qonaq kimi təəccüblə baxır, eyni zamanda onun vaxtsız gəlişinə heyifsilənir, yazığı gəlir. Amma eşqinin ardınca düşüb gələn o çiçək sarı yarpaqların arasından ilk bahardakı kimi həyalı-həyalı boylanır. Tayları çoxdan öz baharını yaşadığı, artıq meyvəsini də dərdirdiyi halda, o ancaq indi oyanıb. Meyvəsinin olub-olmaması belə bəlli deyil. İlk baxışdan adama elə gəlir ki, cəmiyyət vaxtsız sevgini qınağa çəkdiyi kimi, payızın küləyi, aramsız yağışı, gündən-günə soyuyan havası da bu çiçəyi mütləq incidəcək, gözəlliyini haram edəcək ona. Axı bu çiçək bahar ruhludur, payızı anlaması çətindir… Ancaq bu kiçik çiçəyin eşqi başqa şeylər də pıçıldayır… Bu çiçək gec olmasına baxmayaraq öz eşqini yaşamaq istəyir, fəsillərə, zamana, küləyə, yağışa meydan oxuyur. Axı onun eşqi fərqlidir. Getdikcə suallar yan-yana düzülür… Kimə güvənib açıb o çiçək? Əlindən tutan budağamı? Bəlkə, üzünə gülümsəyən günəşə? Şirəsini verən torpağamı? Axı kimə aşiqdi o çiçək? Yəqin, payıza…
Payızda doğulanlar da elə payıza bənzəyir. Bir az gizli, bir az səmimi, bir az qüssəli, bir az utancaq, bir az yorğun, bir az cana yaxın, öz soyuq baxışlarındakı ecazkar hərarətlə soyuq qəlbləri isidən, hər qabığın içində nüvəni görən, yazını da, yayını da bir fəslə yerləşdirən, sevgisinə sadiq qalıb mükəmməl nəticəsinə çatan, ona sahib çıxan, kədərindən incə çiçəklər bitirən, sevgisi buludun yerə aşiqliyinə bənzəyən, öz eşqini yana-yana, qana-qana yaşayan…
Bəli, payız gəldi… Gerçək eşqin zamanı gəldi…



