Xəbərlər

Pentaqon: ABŞ İraqda İranla əlaqəli obyektləri vurub

“ABŞ qüvvələri İraqda İranın dəstəklədiyi silahları qruplara aid 3 obyektə hücum edib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ müdafiə naziri Lloyd Ostin söyləyib.

Nazir ABŞ hərbi qüvvələrinin ölkə prezidenti Co Baydenin göstərişi ilə İran dəstəkli “Həşd əş-Şabi” qüvvələrinin dəstəklədiyi Hizbullah Tuqayları və İrana bağlı digər qrupların istifadə etdiyi 3 obyektə hücum təşkil etdiyini qeyd edib.

“Bölgədə qarşıdurmaları qızışdırmağa çalışmırıq. Şəxsi heyətimizi və obyektlərimizi qorumaq üçün əlavə tədbirlər görürük. Bu qruplar və onların iranlı sponsorları bu hücumları dərhal dayandırmalıdır”, – Ostin bildirib.

ABŞ Mərkəzi Komandanlığının verdiyi açıqlamada İranın dəstəklədiyi milis qruplarına qarşı təşkil edilən hücumlarda Hizbullah Tuqaylarının qərargahı, anbarları, pilotsuz uçuş aparatları üçün istifadə edilən təlim məntəqələrinin hədəf alındığı bildirilib.

İraq təhlükəsizlik mənbələrindən verilən məlumata görə, ABŞ qüvvələrinin Babil şəhərinin Curf əs-Səhər bölgəsində Hizbullaha hücumu zamanı 5 nəfər yaralanıb. Həmçinin ABŞ Ənbar şəhərində yerləşən Həşdi Şabi qüvvələrinin qərargahını da PUA ilə hədəfə alıb, nəticədə 2 nəfər həyatını itirib. 1 nəfər yaralanıb.