Füyuzat 145 Loğman

Pərvanəlik

Sahillər dalğalara, torpaqlar yağmurlara təşnədir.

Yelkənlər rüzgarlara, zirvələr qara təşnədir.

Pöhrələr işığa, çöhrələr təbəssümə təşnədir.

Dağlar dumana, sevgilər peymana təşnədir.

Sən – ilğımlar arasından çağlayan tənha bulaq.

Mənsə səhraçı – payi-piyada.

Mənzilim bir dəvə umuduna da sığmaz.

Sənə susamışam, sənə möhtacam.

Mən bir başından yanğın düşmüş meşənin yaşıl ağacıyam.

Yamyaşıl ölürəm – kösöv günündə.

Bu kökdə – kömür qarasında, kül laxtasında.

Bu da pərvanəlikdir – gözgörəti ölümə getməkdir.

Hər şeydən əli üzülüb özünü ölümünə tapşırmaq, əmanət etməkdir.

Özünü ölümü ilə qorumaqdır. 

Onsuz da qanadların qarsılacaq, qısalacaq, yanacaq.

Nə vaxt öləcəksən, nə vaxt sönəcəksən – bilməzsən.

Ta o atəşin dibinə, o işığın kölgəsinə, o sevdanın ayaqlarına düşənəcən…

Ta uzanıb-uzanıb bir-birinə yetişməyən barmaqların ucundakı tumurcuqlar çırtlayana qədər…

Ta bir-birinə baxmaqdan doymayan, usanmayan gözlərin kökündəki duruluqda itib görünməz olanadək…

Sevgini ölməyə qoymayan ayrılıqdır pərvanəlik.

Ayrılıb getmək deyil, bir aşiqlik mənzilində dolanmaqdır.

Bircə ayrılıqda ölmür, qocalmır, qoyduğun yerdəcə qalır sevgilər.

İşıqdan ötrü ləlimək öyküsüdür pərvanəlik.

Yandıqca kül olmaq deyil, işıq ömrünü uzatmaq üçün özündən keçməkdir.

Şöləsinə yüyürüb oduna qarsılmaq, yörəsində dolanıb ötəsində dönmək məhkumluğudur pərvanəlik.

Göynərtidən həzz almaq qismətidir.

Yanıb qurtarsan – kül olacaqsan, sönsən – öləcəksən.

Qalır göz yaşları – tüstüləmək kimi…

Ən kövrək elegiya, ən məsum ağıdır pərvanəlik.

Sevdiyini sevdiyinə çiçəkləmək çağıdır pərvanəlik.

Bütün yaxşılıqların, bütün sevgilərin işığı özündədir – üstünə heç nə kölgə salmasın deyə.

Bütün yaxşılıqlar pərvanəlikdir, işıq daşımaqdır…

Davamı…