“PKK terror təşkilatının tərksilah edilməsi prosesinin ən geci sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, proses Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən gecə-gündüz izləniləcək.
Nəşrin sözlərinə görə, kürd yaraqlılarının silahları təhvil verməsinin sonrakı mərhələləri mediada yayımlanmayacaq.
“Silahlar İraqın şimalında xüsusi ayrılmış ərazilərdə təhvil veriləcək. Sıravi üzvlərdən fərqli olaraq, təxminən 250 nəfərlik PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəd olan İraq və Suriyada olmasına icazə verilməyəcək. Onlar üçüncü ölkələrə gedə biləcəklər, lakin onların kütləvi şəkildə orada yerləşdirilməsinə də icazə verilməyəcək”, – qəzet Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bildirib.
Xatırladaq ki, 30 nəfərlik PKK terrorçusunun ilk qrupu tərksilah prosesi çərçivəsində iyulun 11-də silahlarını təhvil verib. Mərasim İraqın Süleymaniyyə vilayətində baş tutub.