Xəbərlər

“Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsi elan edilir

Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Buna baxmayaraq, müxtəlif səpkili yubiley tədbirləri bu il də davam edir.

“Füyuzat“ın məlumatına görə, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” Yayımlarının tərəfdaşlığı ilə Nəbi Xəzrinin 100 illiyi münasibətilə “Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsi elan edilir.

Verilən məlumata görə, müsabiqə istedadlı qiraətçilərin müəyyən edilməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin ədəbi-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzrinin həyat və yaradıcılığının təbliği məqsədilə təşkil olunur.

Müsabiqədə 18–35 yaş arası şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, iştirak etmək istəyənlər oktyabrın 20-dək müsabiqənin elektron qeydiyyat formasını doldurmaqla müraciət etməlidirlər.

Qeydiyyatdan keçən iştirakçılar Xalq şairi Nəbi Xəzrinin yaradıcılığından yalnız bir şeiri səsləndirərək onu audiovizual formatda “Poeziya Xəzrisi” teleqram kanalına göndərməlidirlər.

Təqdim olunan materialların ilkin seçim mərhələsi onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar müsabiqənin ikinci – əyani mərhələsinə dəvət olunacaqlar. İkinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.