Xəbərlər

Polis korrupsiya araşdırması çərçivəsində Paris bələdiyyəsinə basqın edib

Fransa polisi Paris merini korrupsiyada və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edən istintaq çərçivəsində şəhər meriyasına basqın edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “France Info” məlumat yayıb.

Məlumata görə, Milli Maliyyə Prokurorluğunun (PNF) 2023-cü ilin noyabrında Paris meri Ann Hidalqoya qarşı korrupsiya və pul əldə etmək ittihamı ilə açdığı istintaq çərçivəsində Hotel de Ville kimi tanınan Paris meriyasında axtarış aparılıb.

Bələdiyyə sədri Hidalqo verdiyi yazılı açıqlamada ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. O, ədalətin “həqiqəti üzə çıxaracağına” inandığını bildirib.

Korrupsiyaya qarşı mübarizə birliyi, Hidalqonun 16 oktyabr – 5 noyabr 2023-cü il tarixləri arasında Fransız Polineziyası və Yeni Kaledoniyaya səfəri zamanı bələdiyyə büdcəsindən şəxsi xərcləri üçün istifadə etdiyini və qeyri-qanuni mənfəət əldə etdiyini iddia edərək, mer əleyhinə şikayət qaldırmışdı.