Aktual

Politoloq: “3+3” formatı regional problemlərin həllində effektiv nəticələrə səbəb ola bilər”

Bu gün Tehranda “3+3” formatında görüş keçiriləcək. Gürcüstan istisna olmaqla bütün region dövlətləri – Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan tərəfindən nümayəndələr görüşə qatılacaq. Müzakirə ediləcək mövzular arasında Azərbaycan–Ermənistan sülh müqaviləsi, həmçinin regional əlaqələr də var.

“3+3” formatında görüşün təşkili bir sıra suallara cavab verməyi də vacib edir. Görüş regiona nə kimi yeniliklər və faydalar vəd edir? Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında region dövlətlərinin bu kimi müzakirələri effektiv nəticə vəd edirmi?

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə diplomatik mərkəzlərdə müzakirə mövzusuna çevrilmiş “3+3” formatının nəhayət ki hərəkətlənməsi müsbət haldır:

“Moskvada keçirilən ilk görüş onun yarımçıq da olsa, artıq reallaşmağa doğru getdiyini söyləməyə əsas verirdi. Tehranda baş tutan ikinci görüş barədə də eyni fikirləri söyləmək mümkündür. Ən azından, “3+3” formatının ideyadan real diplomatik addımlara keçməsi baxımından belə görüşlər yaxşı hal kimi qiymətləndirilə bilər. Yenə də bu kimi formatların bölgədəki bütün problemlərin həlli istiqamətində yekun nəticələr verməsini gözləmək olmaz. Bunun üçün hələ tezdir. Xüsusilə “3+3” formatının özünün hələlik tam tərkibdə toplanmaması çətinliklər yaradır. Bildiyimiz kimi, Gürcüstan Rusiya ilə problemləri əsas gətirərək, Moskvada baş tutan birinci görüşdə iştirak etmədi. Bu isə görüşün tam tərkibdə keçirilməməsinə səbəb oldu. Tehrandakı görüşdə də Gürcüstan iştirak etməyəcək. Beləcə, Gürcüstanın “3+3” formatındakı görüşlərə qatılmaması, formatın özünü tam doğrultması yolunda ciddi maneə olaraq qalmaqdadır. Hətta format tam tərkibdə toplansa belə, Azərbaycan–Ermənistan münasibətlərinin nizamlanmasında, xüsusilə də sülh sazişinin imzalanmasında ciddi təsir göstərəcəyinə inanmıram. Ona görə ki, Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması, əsasən, Ermənistandan, Rusiyadan və Azərbaycandan asılı olan bir məsələyə çevrilib. Əgər Ermənistan sülh sazişinin imzalanmasında maraqlı deyilsə və bu prosesdə özündən çox xarici mərkəzlərdən nələrsə gözləyirsə, “3+3” formatının intensiv toplanması və məsələyə necə yanaşması o qədər də effektiv olmayacaq. Məsələn, Gürcüstan sülh prosesində Ermənistana nə kimi nəzərəçarpan təsir göstərə bilər? Rusiyanın özü Ermənistanın Azərbaycan ilə sülh müqaviləsi imzalamasında maraqlıdırsa, bunun üçün “3+3” formatında görüşlərə ehtiyac qalmır. Rusiya sadəcə Ermənistan tərəfini bölgədə sülhün vacibliyinə təşviq edə bilər. Həmçinin İran bu gün Ermənistanda qalan Azərbaycan anklavlarının geri qaytarılmasında yetkin mövqe tutmursa, Zəngəzur koridorunun açılmasına, dəhlizin onun ərazisindən deyil, Zəngəzurdan keçməsinə isti baxmırsa, Azərbaycan–Ermənistan sülh müqaviləsinin bağlanmasında İranın müsbət təsirlərindən danışmaq mümkün deyil. Hətta minumum müsbət təsirlərdən danışsaq, o belə mübahisəli məsələ olar”.

Politoloq “3+3” formatının regionun iqtisadi həyatında oynaya biləcəyi rola diqqət çəkib:

“Azərbaycan–Ermənistan sülh müqaviləsinin bağlanmasında “3+3” formatının effektiv olacağını iddia etmək mümkün olmasa da, digər bir sıra regional məsələlərdə format yaxşı nəticələrə səbəb ola bilər. Xüsusilə region dövlətləri arasında hərtərəfli əməkdaşlıq atmosferinin formalaşması baxımından sözügedən formatın bölgəyə ancaq və ancaq əhəmiyyəti var. “3+3” formatındakı görüşlər istənilən nəticələri əldə edərsə, bu, Gürcüstan–Rusiya münasibətlərində də istiləşməyə səbəb ola bilər. Azərbaycan–İran münasibətlərində çoxdandır hiss edilən soyuqlaşmanın da qarşısını ala bilər. Eləcə də bütün regional dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli ticari-iqtisadi əlaqələri canlandıra, yeni imkanlar vəd edə bilər ki, bu da bölgədə ümumi əməkdaşlıq istiqamətində sağlam nəticələr əldə edilməsinə gətirib çıxara bilər. Bu isə vacibdir. Xülasə, regional əməkdaşlıq və tərəfdaşlıq məsələlərində “3+3” formatının effektiv olacağını demək mümkün olsa da, formatın Azərbaycan–Ermənistan sülh müqaviləsinin imzalanmasında əhəmiyyətli nəticələr verəcəyini düşünmürəm”.