Aktual

Politoloq: ABŞ-ın anti-Azərbaycan addımları arta bilər

Son günlər ABŞ Azərbaycana qarşı bır sıra qərarlar qəbul edib. Bundan əvvəlki dövrlərdə də ABŞ-ın Azərbaycana münasibəti zaman-zaman sabit olsa da, bir sıra hallarda erməni diasporasının təzyiqləri ilə rəsmi Vaşinqtonun Azərbaycana qarşı addımlar atdığının şahidi olmuşuq.

Rəsmi Vaşinqtonun son anti-Azərbaycan addımlarının guya sülhə hesablanmış addımlar olduğu iddia edilsə də, Cənubi Qafqazda sülhə can atan və əsas gündəliyi sülh məsələsi olan rəsmi Bakıya qarşı neqativ yanaşmalar özü ilə bərabər bir sıra suallar da gətirib. ABŞ-ın rəsmi Bakıya təzyiqlər etməsinin səbəbləri nədir? Bundan sonra ABŞ–Azərbaycan münasibətləri necə inkişaf edəcək?

“Füyuzat” mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. O bildirib ki, son günlərdə ABŞ–Azərbaycan münasibətlərində yaşanan gərginlik Vaşinqtonun Azərbaycana təzyiq etmək cəhdindən qaynaqlanır:

“ABŞ-ın bu şəkildə davranışı şübhəsiz ki, Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli münasibətlərə zərbə kimi qiymətləndirilməlidir. ABŞ onsuz da 30 illik vasitəçilik missiyası dövründə sülhdə maraqlı olmadığını, münaqişədən öz maraqlarını təmin etmək üçün istifadə etdiyini dəflərlə nümayiş etdirib. Uzun illər ərzində biz ABŞ-ın təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı çağırış etməsinin şahidi olmamışıq. Bundan əlavə, ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehlik daşıyan bir ölkədir”.

Politoloq qeyd edib ki, indi də dəyişən bir şey yoxdur:

“Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasını özü üçün prioritet elan edən ABŞ Ermənistandan sonra Azərbaycanı da özünə ram etmək istəyir. Ona görə də bütün imkanları ilə təzyiq göstərməyə çalışır. Münaqişə tərəflərindən biri olan Ermənistana təhlükəsizlik yastığı vəd edən, ordusunun möhkəmləndirilməsinə yardım vədləri verən ABŞ-ın digər dövləti, yəni Azərbaycanı sanksiyalarla hədələməsi heç bir çərçivəyə sığmır.

Əvvəla ona görə ki, regionda sülh təşəbbüsü ilə çıxış edən ölkə Azərbaycandır. Əgər ABŞ, həqiqətən də, sülh danışıqlarında inkişaf istəyirsə, onda Azərbaycan yox, Ermənistana təzyiq etməli və öz siyasətinə düzəliş etməlidir. Azərbaycan üçün beynəlxalq hüququn norma və prinsipləri onsuz da xarici siyasətdə həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edib və bundan sonra da edəcəkdir”.

Yusif Bağırov ABŞ-ın anti-Azərbaycan mövqeyini artırmaq ehtimallarına da toxunub: “Bu gözləniləndir. Amma hansı təzyiqlərin olmasından, hansı anti-Azərbaycan addımlarının atılmasından asılı olmayaraq ölkəmizin öz milli maraqlarından imtina etməsi mümkün deyil. Biz dövlət olaraq maraqlarımıza zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandırmaq gücündə və imkanındayıq”.