Aktual

Politoloq: “Azərbaycan–Qazaxıstan təlimləri sülhə və iki ölkənin mənafelərinə xidmət edir”

Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilir.

Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib. Oktyabrın 8-dək davam edəcək Azərbaycan–Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.

İki ölkə arasında hərbi təlimlərin keçirilməsinin əhəmiyyəti və təlimlərin baş tutma səbəbləri müzakirə mövzusuna çevrilib.

“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, Azərbaycan və Qazaxıstanın Xəzərdə hərbi təlimlər keçirməsi diqqət çəkir:

“Bu, region üçün əhəmiyyətli hadisədir. Birinci növbədə, Xəzər dənizinin yalnız Xəzərə çıxışı olan dövlətlərin fəaliyyət meydanı olması ilə bağlı Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyanın müddəalarına uyğundur. O mənada ki, Xəzərə çıxışı olmayan dövlətlərin dənizə buraxılmaması şərtlərinə riayət edilir. Beləcə, Xəzər dənizi həm sülh və əməkdaşlıq zonası kimi qəbul edilir, həm də ancaq Xəzər hövzəsi ölkələrinin təhlükəsizlik məsələlərində ortaq addımlar atması konvensiyaya uyğundur. Qeyd etməliyəm ki, biz Xəzər dənizində vaxtaşırı təhlükəli addımların, terrorçu dəstələrin, qanunsuz silah və narkotik daşımalarının və digər cinayətlərin şahidi oluruq. Belə bir şəraitdə bu cinayətlərin kökünü kəsmək, onlardan xilas olmaq üçün Xəzəryanı ölkələrin müxtəlif formatlarda, həmçinin hərbi sahədə əməkdaşlığı lazımlı addımlardır.

Digər tərəfdən, Qazaxıstan Xəzəryanı ölkələr içində hərbi donanmasının gənc olması ilə diqqət çəkir. Azərbaycanın, Rusiyanın və İranın böyük hərbi donanması var. Buna qarşılıq Qazaxıstan indiyə qədər özünün hərbi donanmasını yaratmaq məsələsinə xüsusi diqqət göstərməyib. Amma son illərdə, xüsusilə Nursultan Nazarbayevin iqtidardan getməsi, Kasım Comərd Tokayevin iqtidara gəlməsi ilə bu istiqamətdə addımlar atılmağa başlanılıb. Bu nöqtədə Qazaxıstanın Xəzərdə hərbi təlimlərə meyl etməsi anlaşılandır. Azərbaycanla bu sahədə ortaq addımlar atmaq onlar üçün xüsusilə maraqlıdır. Çünki artıq Azərbaycanın kifayət qədər təcrübəsi var”.

Politoloq digər səbəbləri və təlimin əhəmiyyətini ardıcıl olaraq sıralayıb:

“Üçüncü bir məsələ odur ki, biz artıq türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın artdığını görürük. Türk dövlətləri arasında inteqrasiya və qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edən bir prosesə çevrilir. Bu nöqtədə iki türk dövləti olaraq Azərbaycan və Qazaxıstanın hərbi əməkdaşlığını nəzərdən keçirmək pis olmazdı. Əgər iki ölkə arasında təlimlər keçirilirsə, niyə də hərbi istiqamətdə əməkdaşlıq olmasın?

Dördüncüsü, Azərbaycan özünün xarici siyasətində türk dövlətləri ilə, həmçinin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa önəm verir. Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq artq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən birinə çevrilib. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə dəvət olunması da Azərbaycanın bu dövlətlər ilə əlaqələri inkişaf etdirmək niyyətlərinin qarşı tərəflərdə xoş qarşılandığının sübutudur. Bu prizmadan yanaşanda da Qazaxıstan ilə hərbi təlimlər anlaşılandır.

Beşincisi, Qazaxıstan neftinin Avropa bazarlarına idxalı məsələsində unikal bir vəziyyət yaranıb. Birik ki, bu günə qədər Qazaxıstan öz neftini Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə daşıyırdı. Ancaq Rusiyanın Ukraynadakı işğal əməliyyatları ilə əlaqədər olaraq neft daşınması bəzən axsayır. Belə bir vəziyyətdə Qazxıstan öz neftini Xəzərdən keçməklə Azərbaycan üzərindən nəql eləməyə maraq göstərir. Buna görə də Xəzərdə Qazaxıstan tankerlərinin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin özünə də güclü hərbi donanma formalaşdırmaq labüd məsələyə çevrilir.

Göstərilən bütün səbəblər Azərbaycan–Qazaxıstan hərbi dəniz təlimlərini zamanın diqtə etdiyi vacib bir məsələyə çevirir. Nə yaxşı ki hər iki ölkə bu reallığa layiqli reaksiya veriblər. Bu təlimlər bölgədə sülh və təhlükəsizliyə, iki ölkənin mənafelərinə xidmət edən addımlardır”.