Aktual

Politoloq: “Priqojinin ölümündə üç versiya aktualdır”

Dünən Rusiyanın Tver vilayətində “Embraer Legacy” adlı təyyarə qəzaya uğrayıb. Sərnişinlər arasında “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və şirkətin digər üzvləri olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, “Vaqner” rəhbəri Yevgeni Priqojin qəza nəticəsində həlak olub. Rusiya Fövqəladə Hallar Hazirliyi qəza zamanı ümumilikdə 10 nəfərin öldüyünü bildirib.

Qəzadan sonra “Vaqner” kimi geniş şəbəkəyə malik muzdlu birləşmənin rəhbərinin ölümü dünya mediasında birmənalı qarşılanmayıb. Kimiləri bunun sui-qəsd olduğunu, bir başqaları qətlin onun dövlət çevrilişinə cəhdi ilə bağlı ola biləcəyini iddia edib. Bir digər iddia isə, Priqojinin ölümünün gələcəyə hesablanmış yeni planların tərkib hissəsi olduğundan ibarətdir.

Füyuzat” mövzu ilə bağlı politoloq Tural İsmayılovun fikirlərini öyrənib.

O, hesab edir ki, Priqojinin öldürülməsi ssenari ola bilər:

“Hazırda üç əsas versiya aktualdır:

Birinci versiya belədir ki, Priqojin Kreml tərəfindən aradan götürülüb. Belə ki, son zamanlar Priqojin Rusiya mərkəzi komandanlığı ilə olduğu kimi ali hakimiyyətlə də fikir ayrılığı yaşayırdı. Bu isə Kremldəki dairələr tərəfindən narahatlıqla qarşılanırdı. Bu mənada onun məhz bu qüvvələr tərəfindən öldürülməsi mümkündür.

İkinci versiya Priqojinin Qərb tərəfindən öldürülməsidir. Bu da mümkün versiyadır. Çünki “Vaqner”in Belarusa cəmləşməsi və Polşaya açıq şəkildə təhdid yaratması Qərbdə narahatlıqla izlənirdi. Bu həm də Rusiya–Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılması demək idi. Qərb bu ehtimalları nəzərə alıb onu aradan götürə bilər.

Üçüncü isə odur ki, Priqojin ölməmiş ola bilər. Məsələ ondadır ki, onun birdən-birə belə bir uçuş gerçəkləşdirməsi və müəmmalı ölümü diqqət çəkir. Kremlin Priqojinlə bağlı mühüm planlarının olduğu da bəllidir. Yəni onu öldü kimi göstərib, reallıqda daha böyük planın həyata keçirilməsinə çalışılması mümkündür”.