Aktual

Politoloq: Rusiyanın Azərbaycana demarş elan etməsi ikili münasibətlərə zərər vurur

Bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən qanunsuz “seçkilər”i tanımadığını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi isə bu addıma görə Azərbaycan tərəfinə diplomatik demarş bildirib.

Azərbaycan–Rusiya münasibətlərinin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq formatında davam etdiyi bir vaxtda, xüsusilə Azərbaycanın Rusiyaya qarşı heç bir sanksiyalarda yer almaması və rəsmi Moskva ilə ikili münasibətlərini qoruyub saxlaması fonunda Kremlin bu addımı birmənalı qarşılanmayıb.

“Füyuzat” mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib. O bildirib ki, Rusiyanın Azərbaycana demarş elan etməsi iki ölkə arasındakı münasibətlərə zərər vurur:

“Ukraynanın ərazi bütövlüyü tək Azərbaycan tərəfindən deyil, bütün dünya, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Rusiya bu ərazilərdə işğal həyata keçirib və separatizm yaradıb. Separatçıların keçirdiyi “seçkiləri” isə Azərbaycan heç vaxt tanıya bilməz. Bu beynəlxaq hüquqa da ziddir. Bu məsələdə Qarabağla eyniləşdirmə aparmaq özü də beynəlxalq hüquqa tərsdir. Eyni zamanda Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Rusiya prezidenti Vladimir Putin də qeyd edib. İndi isə, Ukraynanın ərazi bütövlüyünün tanınması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata Rusiya tərəfinin demarş elan etməsi Rusiya–Azərbaycan əlaqələrinə ziddir”.

Politoloq qeyd edib ki, Rusiya Azərbaycanla bağlı xarici siyasətində aqressiv bəyanatlar verə bilər, amma təzyiqlər etməyə başlayacağı inandırıcı görünmür: “Bu, ilk növbədə Rusiyanın Cənubi Qafqaz siyasətinə mənfi təsirlərə səbəb olacaq. İkincisi, Azərbaycan Qarabağla bağlı bir çox məsələlərdə uğur qazanıb. Rəsmi Bakı prinsipial şəkildə Qarabağ hədəflərinə doğru irəliləyir. Rusiyanın hazırkı geosiyasi vəziyyəti Azərbaycanın bu addımlarının qarşısını alacaq səviyyədə deyil. Xüsusilə Ukrayna məsələsində Azərbaycan beynəlxalq hüquqa uyğun davranıb. Rusiyanın davranışı isə beynəlxalq hüquqa ziddir. Bu səbəbdən Rusiya əvvəl-axır aqressiv siyasətdən geri çəkilməli olacaq”.