Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, dövlət başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Salim bin Məhəmməd əl-Maliki, öz növbəsində, COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirib.
Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.