Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında axşam saatlarında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, söhbət barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Putin və Tramp telefon danışığında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqları dəstəklədiklərini bildiriblər.
“Rusiya prezidenti Alyaskadakı görüş zamanı göstərdiyi qonaqpərvərliyə görə Amerika liderinə səmimi təşəkkür etdi. Söhbət təxminən 40 dəqiqə davam etdi. Tramp Putinə Avropa liderləri və Zelenski ilə danışıqlar barədə məlumat verdi”, – Uşakov bildirib.
O qeyd edib ki, Putin və Tramp gələcək birbaşa danışıqlar üçün Rusiya və Ukrayna nümayəndələrinin rəsmi səviyyəsinin artırılması ideyasını müzakirə ediblər.
Uşakov əlavə edib ki, Putin və Tramp Ukrayna və beynəlxalq gündəmdəki digər aktual məsələlərdə bir-biri ilə sıx ünsiyyət qurmaq barədə razılığa gəliblər.
Uşakov Putinlə Trampın söhbətinin səmimi və konstruktiv olduğunu vurğulayıb.



