Xəbərlər

Qahirədə “Misir ədəbiyyatı Azərbaycan şərqşünaslığının güzgüsündə” mövzusunda seminar keçirilib

Azərbaycanın Qahirədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 57-ci Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Misir ədəbiyyatı Azərbaycan şərqşünaslığının güzgüsündə” mövzusunda seminar təşkil olunub.

“Füyuzat“ xəbər verir ki, “Fəxri qonaq” zalında keçirilən tədbirdə azərbaycanlı tədqiqatçı Nigar Bakıxanovanın müəllifi olduğu “Əhməd Şövqinin dramaturgiyası” adlı kitabın ərəb dilinə tərcüməsi müzakirə edilib.

Müzakirədə Azərbaycanın Misirdəki səfirliyinin ikinci katibi Emin Yusifzadə, Qahirə Universitetinin professoru, Azərbaycan icmasının rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, keçmiş SSRİ ölkələri üzrə ekspert Əhməd Abdoh Tarabik, eləcə də kitabın ərəb dilinə tərcüməçisi, rus ədəbiyyatı üzrə mütəxəssis professor Məhəmməd Nəsrəddin Cəbali iştirak ediblər.

Seymur Nəsirov çıxışında qeyd edib ki, sovet dövründə tətbiq edilən ideoloji məhdudiyyətlərə baxmayaraq, Azərbaycan cəmiyyətində ərəb dilinə və şərq elmlərinə maraq qorunub saxlanılıb. O bildirib ki, ərəb dili İslam mədəniyyəti ilə sıx bağlıdır, hətta Azərbaycan ziyalılarının bu dilə olan marağı ən çətin dövrlərdə belə saxlanıb.

S.Nəsirov vurğulayıb ki, sovet dövründə Ələsgər Məmmədov, Vasim Məmmədəliyev, Ziya Bünyadov və Aidə İmanquliyeva kimi görkəmli alimlər ərəb dili və ədəbiyyatı sahəsində mühüm elmi irs yaradıblar. O, bu gün də Azərbaycanda ərəb dilinə marağın artdığını, bir sıra ali təhsil müəssisələrində Şərqşünaslıq fakültələrində bu dilin tədris olunduğunu, artan turist axını fonunda ərəb dili mütəxəssislərinə ehtiyacın yüksəldiyini diqqətə çatdırıb.

Kitabın tərcüməçisi Məhəmməd Cəbali çıxışında tərcümə prosesinin çətinliklərindən danışaraq qeyd edib ki, əsərdə ərəb dilindən rus dilinə çevrilmiş mətnlərin yenidən orijinal ərəbcəyə qaytarılması xüsusi elmi axtarış və mənbələrlə iş tələb edib. O vurğulayıb ki, Əhməd Şövqinin dramaturgiyası dünya ədəbiyyatında mühüm hadisədir.

Tədbirin sonunda Azərbaycan şərqşünaslıq məktəbinin Qafqazda yalnız dil deyil, eyni zamanda, tarix, fəlsəfə, coğrafiya və mədəniyyətlərarası əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd olunub.

Tədbirin sonunda səfirliyin təşəbbüsü ilə ərəb dilinə tərcümə edilmiş kitab oxuculara hədiyyə edilib.