Xəbərlər

Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı danışıqlar davam edir

Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı danışıqlar davam edir. Danışıqlar BMT-nin baş katibi Antonio Quterreşin Türkiyə, Rusiya və Ukrayna prezidentlərinə bir müddət əvvəl göndərdiyi məktub çərçivəsində aparılır.

“Füyuzat”ın məlumatına görə, Türkiyədəki diplomatik mənbə TASS-a bildirib ki, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair sazişin bağlanması məsələsi üzrə danışıqlar davam edir.

“Bildiyimizə görə, danışıqlar BMT katibinin daha əvvəl göndərdiyi məktub çərçivəsində aparılır. O, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı Türkiyə, Rusiya və Ukrayna prezidentlərinə öz mövqeyini bildirib”, – mənbə deyib.

“Bu prosesdə aparıcı rol BMT-yə həvalə edilib, Türkiyə vasitəçi qismində çıxış edir”, – o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl “Reuters” Türkiyənin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Ukrayna və Rusiya ilə iki aydır danışıqlar apardığını, lakin Kiyevin bundan son anda imtina etdiyini bildirmişdi.