Asiya və Qafqazda ən qədim at cinsi hesab edilən, Azərbaycanın milli atları olan Qarabağ atları.
Azərbaycanın yerli at cinslərindən olan Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cins həm fiziki keyfiyyətləri, həm də milli-mədəni dəyəri ilə nəinki ölkəmizdə, dünyanın hər yerində tanınır və seçilir.
Bu atlar həm fiziki keyfiyyətləri, həm də milli-mədəni dəyərləri ilə nəinki ölkəmizdə, dünyanın hər yerində tanınır və seçilir.
Bu atları digər atlardan fərqləndirən əsas əlamətlərdən biri dərilərinin parlaq narıncı rəngdə olmasıdır. Qarabağ atının yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
Qarabağ atlarının 4 növü mövcuddur: Maymun (Xoşbəxt), Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq. Bu atlar öz sürəti ilə seçilir. Qarabağ atı hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Eyni zamanda itaətkar, ağıllı və sahibinə çox sadiqdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündürdür.
Qarabağ atlarının kökləri minilliklərə dayanır. Araşdırmalara görə, bu cins eramızdan əvvəlki dövrlərdən bəri mövcuddur. Qarabağ atları əsrlər boyu, o cümlədən Azərbaycan xanlıqları dövründə, xüsusilə də Qarabağ xanlığında yüksək qiymətləndirilmişdir. Tarixən bu atlardan həm döyüş, həm sərnişin, həm də digər sahələrdə istifadə edilirdi.
Qarabağ atçılığının “qızıl əsri” XVIII-XIX əsrlər hesab edilir. Məhz bu dövrdə atların ən xüsusi nümunələri Qarabağ xanları Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan və Xurşidbanu Natəvan (Usmiyevlərin) tərəfindən xüsusi şəkildə yetişdirilib.
Həmin dövrlərdə Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunaraq yüksək yerlər tutub. Xan qızı Natəvana məxsus “Əlyetməz” adlı ayğır 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” ləqəbli at isə həmin il Fransada keçirilən sərgidə mükafat alıb. Üstəlik Parisdə keçirilmiş at sərgisində nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş “Xan” ləqəbli Qarabağ atını görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını açıq qızılı-kürən rəngində boyamağa başlamışdılar.
Dözümlülük qabiliyyətinə görə ən çox idman sahəsində, xüsusən də at yarışlarında və atçılıq idman növlərində istifadə olunur. Ölkəmizin nadir incilərindən olan bu atlar milli festival və mərasimlərdə, Novruz şənliklərində tez-tez nümayiş etdirilir. Qarabağ atları həm də ölkəmizin mədəni irsinin bir hissəsi kimi qəbul olunur və milli rəmz mahiyyətini daşıyır.
Qarabağ atları Azərbaycan poeziyasında, dastanlarında və rəssamlıq sənətində də tez-tez təsvir olunmuşdur.
Bu atlar hazırda nadir cinslər siyahısına daxildir və onların sayı getdikcə azalır. Lakin dövlətimiz tərəfindən son illərdə Qarabağ atlarının çoxaldılması və qorunması istiqamətində ciddi işlər görülməkdədir.
Onu da qeyd edək ki, 2020-ci ildən sonra Qarabağın azad olunması ilə Qarabağ atlarının da doğma yurdlarında inkişafı üçün yeni imkanlar yaranmışdır.
Ləman Vahid



