Xəbərlər

Qarabağ Universitetində ustad xanəndə ilə görüş keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlərə başlanılıb.

“Füyuzat” AZƏRTAC-a istinadən bildirib ki, “Sənətkarın dostu” layihəsi çərçivəsində Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib.

Tədbirdə çıxış edən fakültənin dekanı, bəstəkar Türkər Qasımzadə maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb.

Görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib. Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəsgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb.

Tədbir sual-cavab formasında davam edib.