İnsan ana bətnindən içində daşıdığı bir işığın axtarışı ilə gəlir bu dünyaya… Varlığında pünhan olan bu nuru tanımadan, onu kəşf etmədən həyatını axtarış içində keçirir. Zaman axır, ömür keçir, lakin insan hələ də öz işığının aydınlatdığı yola həsrətlə boylanır. Və bir an gəlir, sanki ona qeybdən bir nida səslənir:
– Özünə dön, içindəki işığın iziylə qəlbinə və ruhuna səfərə başla…
İnsan bu səsi eşidəndə öncə titrəyir… Suallar içində qıvrılır, doğru cavabı verə bilim deyə qəlbinə bəsirət, dilinə hikmət diləyir… Və bir nöqtədə – içindəki işığın digər işığı tapdığı, ona qovuşduğu məqamda böyüyür… Ruhunda yeni bir həqiqət səfəri başlayır. Bu səfərin sarvanları isə qaranlıq dünyanı aydınladan insanlardır…
Kimdir onlar?! Qəlblərindəki nuru insanlıqla bölüşən, öz varlıqları ilə mənəvi səmamıza mənəviyyat günəşi kimi doğanlardır. İnsanlığı zülmətdən işığa aparan hikmət sahibləri, ariflər, həqiqəti tanıyan alimlər, sevgini həyata bələdçi tutan mənəviyyat sultanlarıdır…
Onlar ömürlərini işığa çevirərək insanlıq üçün mənəvi mayak olmağı bacaran ülvi şəxsiyyətlərdir.
Zülmətin içindəki işıq zaman-zaman elə sükunətə qərq olur ki, bu sükutda vicdanlar lal, mənəviyyat sönük, həqiqət yadırğanmış halda qalır. Bəzən isə bu səssizlik o qədər dərinləşir ki, yalnız bədənlər deyil, ruhlar da zülmətə qərq olur. Ədalət taqətdən düşür, mərhəmət solur və insanlıq mənəvi aclığın ortasında ümidsiz şəkildə bir işıq arayışı ilə çırpınır.
İqrar Mədətli



