Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) yüksək rütbəli əməkdaşlarının saxlanması ilə bağlı xəbərləri təkzib edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.
“Orda” teleqram kanalında MTK-nın bir sıra yüksək rütbəli əməkdaşlarının saxlanılması ilə bağlı məlumat yerləşdirilib. Milli Təhlükəsizlik Komitəsi bu məlumatın həqiqətə uyğun olmadığını bildirir. Nəzərinizə çatdırırıq ki, bilərəkdən yalan məlumatın yayılması cinayət məsuliyyətinə səbəb olur”, – məlumatda deyilir.
Daha əvvəl Qazaxıstanın “Orda” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər vermişdi ki, sentyabrın 4-də Baş nazirin müavini və xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb.
Sonradan bu məlumatı Mərkəzi Rabitə Xidmətinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov təkzib ediblər. Mədəniyyət və informasiya naziri Aida Balayeva da sosial şəbəkələrdə açıqlama verib. O, nazirin saxlanması ilə bağlı xəbərə birbaşa işarə etməyib və qeyd edib ki, “bəzi rəsmi media və anonim teleqram kanalları dövlət qulluqçularının saxlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayıblar”.



