Xəbərlər

Qazaxıstanda Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı hərbi təlimlər başlayıb

Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birləştik-2024” beynəlxalq təlimləri başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hərbi manevrlər Oymaşa poliqonunda, eləcə də Tokmak burnundan 2 km aralıda yerləşən dəniz sahəsində iyulun 8-dən iyulun 17-dək davam edəcək. Hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üçün birgə məşq edəcəklər”, – məlumatda qeyd edilib.

Təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq. “Taktiki əməliyyatlar yerüstü və hava kəşfiyyat qrupları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək”, – məlumata əlavə edilib.

Təlimlər çərçivəsində mədəni-kütləvi və idman tədbirləri də keçiriləcək.