Fidan Vahid Köşə Yazıları

Qınamayanlar…

Hələ hüquqi cəzaların meydana çıxmadığı zamanlarda toplumlar dəngənin qorunması üçün fərqli üsulları sınaqdan keçirmişdir. Bunlardan biri də ictimai qınaqdır. Bütün dönəmlərdə qınağa tuş gələn ayrı-ayrı fərdlər ya deyilənlərə uyğunlaşıb özlərini çərçivəyə salmağı bacarır,
ya da təcrid olunurdular. Lakin dəyərləri formalaşdıran ümumun nəzərindən başlayan qınamaq ənənəsi zaman-zaman dəyişmələrə məruz qalmışdır. Bu, əsas etibarilə fərqli sürəclərdə cəmiyyətdə söz sahibi olan kəslərin kültürəl kimliyi ilə bağlıdır. Yəni kimin qınadığı və nəyi qınaq obyektinə çevirdiyi hər zaman üçün eyni olmur.

Bəs çağdaş dövrdə ölkəmizdə qınayanlar kimlərdir? Və onları narahat edən məsələlər nələrdir?

Məsələn, əminliklə demək olar ki, hər
hansısa orta məktəb müəllimi şagirdinin bilərəkdən dərsdən yayındırılmasını müəllimlər
otağında qınaq obyektinə çevirə bilər.

Kitabxana əməkdaşı bir həftədən çox zamanda kitab götürməyən istifadəçini çağırıb irad bildirə bilər.

Universitet müəllimləri, elmi rəhbərlər tələbələrinin əlində monoqrafiyalar, mətbu örnəkləri, önəmli bədii ədəbiyyatlar görməyəndə bunu rektorluq səviyyəsində müzakirəyə çıxara bilərlər.

Jurnalistlər müsahiblərini mövzudan yayındıqları, dilimizi bilmədikləri üçün yarıda saxlayıb qınaya bilər.

Ziyalılarımız tarixini-kökünü bilməyən, dəyərlərə biganə yanaşan, küskün və bezgin gəncliyin yaxasından yapışıb silkələyə bilər.

Tənqidçilər bayağı mövzuları ədəbiyyata sırımağa çalışan söz sahiblərinin qələmini sındıra bilərlər.

Məmurlar qanunsuz iş görən, rüşvət alan iş yoldaşlarını ədalətin sopası ilə döyə bilərlər.

Mədəniyyət əhli kültürümüzə zidd olan istənilən səhnə əsərini, bəstəni, verilişi və s. yayılmadan yox edə bilər.

Valideynlər heç zaman onların sözündən çıxmayan, öz bilgisi, öz sözü olmayan oğul və qızlarını tənqid edə bilər.

Nənə-babalar evdəki körpələri layla ilə,
əfsanə və nağıllarla, qəhrəmanlıq nəğmələri ilə böyütmədikləri üçün bir-birini utandıra bilər.

Tez-tez bir süfrə arxasında əyləşə bilmədikləri,
sevinc və kədərlərindən hali olmadıqları üçün qohumlar bir-birilərini məzəmmət edə bilər.

Kənd çayxanalarında günlərini səmərəli keçirmək üçün toplaşan el ağsaqqalları gənc ailələrin möhkəmlənməsi üçün nələr etdikləri barədə özlərini sorğu-suala çəkə bilərlər.

Fəqət.

Bu yazılanlar gerçək ola bilərdi. Əgər hamı
özünə aid olan məsələlərdə insanları qınağa çəkməyi başarsaydı… İnsanların hissləri, duyğuları, keçmişləri yox, tutduğu əməllər müzakirə obyekti olsaydı. Qınayan qınaq olunandan daha üstün və ali keyfiyyətlərə sahib olsaydı. İnsanların tərəzisi önyarğıları yox, vicdan və mərhəmət olsaydı…