Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Qış günəşi

Soyuq qış günlərində səmada parlayan günəşi gördükdə eşitdiyimiz bir ifadə var:

“Qış günəşinə aldanma. Nə qədər parlaq olsa da səni üşüdə bilər”.

Ancaq günəş sadəcə səmada var olmur. Varlığı ilə qəlbi isidən insanlar olduğu kimi hər baxanda ruhumuza işıq saçan başqa nəsnələr də olur. Qışa bahar ətri gətirən nərgiz kimi. O, ayazlı günlərdə qarın altından boylanıb bizə günəş kimi təbəssüm edir. Çovğunla sovrulub itməkdə olan ümidləri oyadır sanki. Zərif ləçəkləri ovsunlayıcı gözəlliyin elə sadəlikdə gizləndiyini xatırladır dünyaya.

Nərgizin həm də cəsarətin nişanəsi kimi qələmə verilməsi də təsadüfi deyil. Belə ki, vaxtilə məşhur loğman İbn Sina bitkinin kökləri üzərinə bal və buğda ununun əlavə edilməsi yaradan ox və tikanları çıxartmaq üçün yaxşı vasitəsi olduğunu yazırdı. Ona görə də qədim zamanlarda yaralanmalar zamanı ondan müalicə vasitəsi kimi istifadə edilib.

Amma yaralara məlhəm olan nərgizin içində qış kimi sərtlik də yaşayır. Onun şirəsi zəhərli olduğundan nərgizi digər dibçək bitkiləri ilə eyni qabda saxlamırlar.

Günəş kimi sarı, qar kimi bəyaz rəngləri ilə qışa gülümsəyən nərgizin təbiətdə narıncı və çəhrayı rənglərinə də rast gəkmək mümkündür. Rəngi dəyişsə də, ətrinin verdiyi fərahlıqla qəlbdə xoş duyğular oyadan nərgizlər həm də acılı-şirinli xatirələrimi canlandırır:

Bu dəfə yaddaşımdan süzülüb qəlbimdə dolaşan fikirləri oyadan “Anamın mətbəx qeydləri”ndən gələn səsləri deyil, bağçamızda onun bəyaz əllərinin toxunduğu, anamdan yadigar qalan son nişanə kimi qeyd dəftərimin arasında var olan nərgiz ləçəkləri olur.

Həmin xatirənin yaratdığı ağrı küskünlük yaratsa da, nərgizlərlə yenidən barışmağa səbəb tapıram. Onun “Sənin yanında olmaq məni xoşbəxt edir” mənası daşıyan nərgiz payını fərqli məkana aparsam, belə. Axı o sadəcə ən sevdiyim deyil, həm də ən sevdiyimin çiçəyidir…