Xəbərlər

Qismət Rüstəmov: Növbəti kitab sərgisində “Fəxri nəşriyyat”ın seçilməsi müsbət addım olar

“Bakı Beynəlxalq Kitab Sərgisi 11 ildir ki, uğurla keçirilir. Bu ardıcıllıq mədəniyyətin ən vacib atributlarından biridir. Mütəmadiliyin qorunması çox önəmlidir, çünki yaradıcı mühit sabitlik və inkişaf üçün vacib baza formalaşdırır”.

“Füyuzat”ın AZƏRTAC-a istinadən məlumatına görə, bu fikirləri sərginin fəxri yazarı şair-esseist Qismət Rüstəmov deyib.

Onun sözlərinə görə, belə tədbirlər oxucuların sayını artırmaqla yanaşı, ədəbiyyatın və nəşriyyat işinin inkişafına mühüm töhfə verir.

“Növbəti kitab sərgisində “Fəxri nəşriyyat”ın da seçilməsi müsbət addım olar. Beləliklə, bu hal həm nəşriyyatlar arasında sağlam rəqabəti gücləndirər, həm də kitab sektorunda yeni nəfəs yaradar. “Fəxri nəşriyyat” statusu qazananlara müəyyən dəstək göstərilməsi onların fəaliyyətinin davamlılığını təmin edər. Xüsusilə yeni başlayan, kiçik və orta miqyaslı nəşriyyatlara bu təşəbbüs vasitəsilə dəstək verilməsi böyük stimul olar. Beynəlxalq təcrübədə də oxşar modellər mövcuddur və onlardan ilham almaq mümkündür”, – deyə Qismət Rüstəmov sərgi ilə bağlı təkliflərini bölüşüb.