Xəbərlər

“Qu gölü” baleti fransız və Belorus solistləri tərəfindən ifa olunub

Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz “Qu gölü” baleti Fransanın “Nitsa” Opera teatrının və Belorus Respublikasının “Böyük teatrı”nın aparıcı solistləri tərəfindən ifa olunub.

”Füyuzat”ın məlumatına görə, bu barədə Opera və Balet Teatrından məlumat verilib.

Bildirilib ki, klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət idi.

Tamaşada Odetta – Odiliya obrazını Fransanın “Nitsa” teatrının aparıcı solisti, Belorusun Əməkdar artisti Yekaterina Oleynik, Ziqfrid obrazını Belorusun “Böyük teatr”ının aparıcı solisti Konstantin Beloxvostik, Rotbart obrazını Ağamir Mirzəyev, Təlxək obrazını Mir Aydın Abdullayev, Pa-de-trua – Ayan Eyvazova, Liana Praqa, Timur Oduşev, balaca qu quşları Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları – Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazını – Larisa Semyonova, hami obrazını isə İqor Kuznetsov ifa ediblər.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Marius Petipa, Lev İvanov, redaksiyası isə Aleksandr Qorskiy və SSRİ Xalq artisti Qəmər Almaszadəyə aiddir.

Tamaşanın repititorları – Xalq artisti Mədinə Əliyeva, Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçevdir. Dirijor Xalq artisti Cavanşir Cəfərov, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçev idi. Konsertmeyster Züleyxa Usubova, tamaşanın rəssamı isə Əməkdar rəssam Ənvər Almaszadədir.