Ədəbiyyat Seyid Ramin

Qurban Səidin gizli qalmış “ömrü”

Qurban Səid axtarışında

“Əli və Nino” romanının dünyada sevilərək şöhrət tapmasına baxmayaraq, Qurban Səidin kim olması ilə bağlı fikirlər uzun illər bir çoxları üçün hələ də sirr olaraq qalırdı. Qurban Səidin kimliyi zaman-zaman müxtəlif dairələrdə böyük səs-küylü mübahisələrə səbəb olurdu. Bir müddət sonra isə Qurban Səid imzasının sahibinin Lev Nussimbaum adlı yəhudi olması ilə bağlı fikirlər dünyanın kütləvi informasiya vasitələrində dolaşmağa başladı. Amma romanda yəhudi mədəniyyətindən deyil, Qafqaz-müsəlman mədəniyyətindən bəhs edilməsi səslənən bu fikirləri böyük şübhə altına aldı.

İllər sonra Almaniya, Avstriya və digər Avropa ölkələrinin arxivlərindən tapılan sənədlər Qurban Səidin məhz azərbaycanlı olduğunu ortaya çıxardı. Amma bu da Qurban Səid və romanla bağlı şübhələrə, habelə mübahisələrə son qoymadı.

Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida Erenfelsin təxəllüsü olub. Buna görə də uzun illər “Əli və Nino” romanının müəllifi Elfrida Erenfels hesab olunub. Lakin az sonra bir sıra faktlara əsaslanan amerikalı şərqşünas Tom Rays “Əli və Nino”nun əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nussimbauma məxsus olduğunu, baronessa Elfrida Erenfelsin isə yalnız onun yaşadığı qadın olması fikrini irəli sürüb. Bu sübut ciddi sənədlər və arqumentlərlə müşayiət olunduğu üçün dünyada qəbul olunmuş əsas variantlardan biri hesab edilib. Digərləri isə “Əli və Nino”nun yazıçı Yusif Vəzir Çəmənzəminliyə məxsus olmasını iddia ediblər. Amma bu iddialar ciddi sənədlərə söykənməyib. “Əli və Nino”nun müəllifinin Y.V.Çəmənzəminli olduğunu iddia edənlər yazıçının digər nəsr əsərlərindən və “Əli və Nino” romanından oxşar məqamları qeyd etməklə kifayətləniblər. Ümumiyyətlə, “Əli və Nino” romanının bədii üslubuyla Y.V.Çəmənzəminlinin bədii üslubu arasında heç bir bənzərliyin olmaması da əsas diqqətçəkən məqamlardan biridir.

“Əli və Nino” romanının Y.V.Çəmənzəminlinin adına çıxarılmasının tarixçəsi tərcüməçi Semih Yazıçıoğlunun adı ilə bağlıdır desək, bəlkə də, yanılmarıq. Belə ki, o, 1971-ci ildə “Əli və Nino”nu türk dilinə çevirib həmin kitabın ön sözündə yazır ki: “Amerikada yaşayan Yusif Qəhrəman və Türkəqul adlı şəxslər bu romanı 1971-ci ildə oxuyandan sonra əsərdə bəhs edilən bir sıra yerlərin adlarını tanımışlar və belə bir əsəri yalnız yazıçı Y.V.Çəmənzəminlinin yaza biləcəyini güman etmişlər”. Onlar tanımadıqları Qurban Səid imzasının Y.V.Çəmənzəminliyə aid ola biləcəyini düşünmüşlər. Elə bu güman da neçə ildən bəri Qurban Səidin kimliyi barəsində onsuz da dolaşıq düyünü daha da bərkitmişdir. Bundan sonra isə bəzi araşdırmaçılarımız uzun illər bu fikrin üzərində dayanmışlar. Digər bir tərəfdən isə Y.V.Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirib ki, Qurban Səidin onun atası olduğunu vaxtilə Fransada mühacirətdə yaşayan ziyalı Ceyhun Hacıbəyli də təsdiqləyibmiş. Həmçinin Azərbaycan Yazıçılar Birliyi də 1993-cü ildə qəbul etdiyi qərarda “Əli və Nino” romanının müəllifinin Y.V.Çəmənzəminli olduğunu rəsmi şəkildə təsdiq etmişdir.

Azərbaycandakı arxiv sənədlərində Qurban Səid imzasıyla çap edilmiş hər iki romanın – “Əli və Nino” və “Altunsaç”ın Y.V.Çəmənzəminliyə məxsus olması barədə isə heç bir məlumata rast gəlinmir. Nəzərə alsaq ki, “Əli və Nino” 1937-ci ildə, “Altunsaç” romanı 1938-ci ildə çap olunmuş və Y.V.Çəmənzəminli isə 1943-cü ildə sürgündə vəfat etmişdir, hər halda bu illər ərzində Y.V.Çəmənzəminli müəllifliyi ona istinad edilən əsərlər haqqında haradasa məlumat verə bilərdi. Ortaya isə daha bir sual çıxır: bəs romanlar nə üçün Y.V.Çəmənzəminli imzasıyla deyil, Qurban Səid imzasıyla çap edilmişdir?

Bir məqamı da qeyd etmək yerinə düşər ki, “Altunsaç” romanında hadisələr Almaniyada, Avstriyada, ABŞ-da və Yaxın Şərqdə cərəyan edir ki, bu yerlər də əsərdə coğrafi dəqiqliklə təsvir edilib. Amma Y.V.Çəmənzəminlinin adıçəkilən yerlərdə olması heç bir sənəddə öz əksini tapmır.

Bu qəbildən olan dolaşıq fikirlər də hər iki romanın Y.V.Çəmənzəminliyə aid olduğunu daha da şübhələr altına almağa başladı.

Almaniyada yaşayan azərbaycanlı şairə Nuridə Atəşi araşdırma işində daha da irəli gedərək Qurban Səidin arxiv sənədlərindəki faktlara əsasən azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəy olduğu fikrini irəli sürüb.

Son dövrlər özünü Qurban Səidin araşdırılmasına həsr etmiş Nuridə Atəşi ədəbiyyatsevərlərin nəzərlərini Avropada toz basmış arxivlərə yönəltməyi bacardı. O, faktlara söykənib bir daha sübut etdi ki, Qurban Səid imzasının müəllifi məhz azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəydir. Düzdür, ondan əvvəl bu haqda bir sıra faktlara əsasən ayrı-ayrılıqda Əhməd Cəmil Məzhər, Tom Rays, Uilfrid Fuhrman və başqaları Qurban Səidin Məhəmməd Əsəd bəy olduğunu sübuta yetirmişdilər. Amma Nuridə Atəşi Qurban Səid haqqında olan tarixi sənədləri arxivlərdən taparaq bir çox təkzibedilməz faktları ortaya qoydu.

Məhəmməd Əsəd bəy kimdir?

Azərbaycan mənbələrində Məhəmməd Əsəd bəy haqqında, demək olar, yetərincə məlumat yox idi. Avropa arxivlərində olan rəsmi sənədlərdə isə bu ada rast gəlmək mümkün deyildi. Çünki yazıçının rəsmi sənədlərdəki adı Almaniyadakı arxivlərdə Lev Nussimbaum, Avstriyadakı arxivlərdə isə Elfrida Erenfels kimi qeyd edilmişdi.

Neft milyonçusunun oğlu olan Məhəmməd Əsəd bəy 1905-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olub. Uşaqlıqdan evdə qapalı şəraitdə tərbiyə alan M.Əsəd bəyin yeganə dostu olan oxuduğu kitablar onun gələcəkdə bir yazıçı kimi yetişməsində böyük rol oynayıb.

1920-ci ildə sovet qoşunlarının Azərbaycanı zəbt edib hakimiyyəti öz əllərinə keçirməsi ilə barışmayan Bakının odövrkü bəzi ziyalıları kimi, 15 yaşlı M.Əsəd bəyin ailəsi də buna etiraz edib mühacir həyatına başlamağa qərar verir.

M.Əsəd bəyin atası İbrahim Arslanoğlu əslən səmərqəndli, anası Alisa Şlutski isə əslən rus idi. Amma Alisa sonradan İslam dinini qəbul edərək özünə Aişə adını götürür. M.Əsəd bəyin 6 yaşı olanda anası vəfat edir.

Abraham Nussimbaum M.Əsəd bəyin xalası Bertanın əri olub. M.Əsəd bəy xalasının əri ilə Azərbaycanı tərk edərək hələ kommunist dalğasının gəlib çatmadığı Gürcüstana gedir. Çox güman ki, M.Əsəd bəy təhlükəsizliyi üçün adını dəyişdirib Lev, soyadını isə Nussimbaum qoyur (maraqlıdır ki, “Əsəd” ərəbcə, “Lev” isə rusca “şir” mənasını verir). M.Əsəd bəy buradan da Avropaya yol alır. O, əvvəlcə Türkiyəyə, oradan Romaya, sonra Parisə, daha sonra isə Berlinə gedib çıxır. A.Nussimbaumun M.Əsəd bəyi Almaniyada bir yəhudi kimi təqdim etməsindən sonra yazıçı rəsmən özünə götürdüyü qondarma ad və soyaddan imtina edir, həmçinin İslam dinini rəsmi şəkildə qəbul edərək yenidən “müsəlman” olur.

Yetərincə savadı olan M.Əsəd bəy Fridrix-Vilhelm adına Berlin Universitetində şərqşünaslıq üzrə ali təhsilə başlayaraq öz elmini daha da artırır. O bu illər ərzində türk, ərəb, fars, rus, alman, ingilis, italyan dillərində sərbəst danışmağı və yazıb-oxumağı dərindən mənimsəyir. Eyni zamanda yazıçının uğurlu bir jurnalistlik dövrü də elə bu vaxtlara təsadüf edir. O bu dövrdə bir sıra qəzetlərdə məqalələr yazır, Azərbaycan Cümhuriyyəti və Şərq, eləcə də İslam dünyası haqqında yazılar dərc etdirir. Eyni zamanda o, “İslam İcması”nın, “Şərq Dilləri Seminariyası”nın və “İmperiya Yazıçıları Palatası”nın üzvü olur.

1929-cu ildə M.Əsəd bəyin ilk irihəcmli qələm məhsulu olan “Şərqdə neft və qan” əsəri Berlinin “Deutsche Verlags-Anstalt” nəşriyyatında çap edilir. Qısa bir vaxt ərzində böyük oxucu kütləsi qazanan kitab məşhurlaşaraq digər Avropa dillərinə də çevrilib Qərbdə geniş yayılmağa başlayır.

M.Əsəd bəyin “Şərqdə neft və qan” əsərini sevənlər olduğu kimi, gözü götürməyənlər də az olmur. Almaniyada ovaxtkı azərbaycanlılar bu kitabı Azərbaycanı aşağılamaqda, əsəri yalan və böhtanlarla dolu olmaqda ittiham edərək müəllifə qarşı böyük bir təbliğat kampaniyasına başlayırlar. Bu kampaniyanın başında o vaxt Almaniyada təhsil alan azərbaycanlı tələbə Hilal Münşi dayanır. O bir-birinin ardınca M.Əsəd bəy haqqında alman hökumətinə donoslar yazır. Az keçməmiş bu donoslar artıq öz təsirini göstərir. Belə ki, M.Əsəd bəyin adı Almaniyanın hər yerində qadağan olunur, bütün əsərləri “ziyanlı və arzuolunmaz” hesab edilərək kitabları yasaqlanır, “İmperiya Yazıçıları Palatası”nın üzvlüyündən çıxarılır, ona yəhudi damğası vurulur və bütün bunların məntiqi sonluğu kimi o, Almaniyadan qovulur. Yazıçı 1932-ci ildə Avstriyanın Vyana şəhərinə köçür. Amma bütün bunlara baxmayaraq o, həvəsdən düşməyərək bir-birinin ardınca bir sıra maraqlı əsərlər yazır.

Onun yazdığı “Qafqazın 12 sirri” (1930), “Qafqaz. Dağlar, xalqlar və tarix” (1931), “Stalin. Fanatın karyerası” (1931), “Muhəmməd. Sonuncu peyğəmbər” (1932), “Ağ Rusiya” (1932), “Dünyaya qarşı qəsd. Q.P.U.” (1932), “Rusiya yolayrıcında” (1933), “Maye qızıl” (1933), “Manuela Lods” (1934), “Lenin” (1935), “İkinci Nikolay. Sonuncu çarın əzəməti və sonu” (1935), “Rza şah – sərkərdə, padşah, islahatçı” (1935), “Allah böyükdür. (Allahu Əkbər) Əbdül Həmiddən İbn Səuda qədər İslam dünyasının tənəzzülü və yüksəlişi” (1936), “Mussolini” (1937) kimi əsərlər dünyada maraqla oxunan kitablar sırasındadır.

Az sonra M.Əsəd bəy ABŞ-da, Liviyada (orada ərəb-italyan dilləri üzrə tərcüməçi işləyir) uzunmüddətli səfərlərdə olur. Yazıçının bir qadınla ailə qurması haqqında çox az məlumat olsa da, onun övladlarının varlığı haqqında heç bir məlumata rast gəlinmir.

Qurban Səid imzasının tarixçəsi

1937-ci ildə Qurban Səid imzasıyla “Əli və Nino” romanı Vyananın “Tal” nəşriyyatında çap edilir. Elə də çox müddət keçməmiş əsər haqqında 7 ölkədən Vyanaya daxil olan fikirlər romana böyük marağın təzahürü kimi qiymətləndirilir. Tez bir zamanda Avropanı, daha sonra isə bütün dünyanı fəth edən bu romanın bir azərbaycanlı tərəfindən yazıldığını düşünərkən adam qürur hissi keçirməyə bilmir.

Roman bütün dünyada məşhurlaşsa da, əsərin müəllifi Qurban Səidin kim olması çoxlarına naməlum qalır. Hamı bu sevimli romanı kimin qələmə aldığı haqqında çox maraqlansa da, bu səmərə vermir, nəticədə məsələ uzun müddət qaranlıq və müəmmalı qalır.

M.Əsəd bəyin “Əli və Nino” romanını öz imzasıyla çap etdirməməsinə əsas səbəb isə onun adının əvvəllər qalmaqallarda hallanması idi. Yazıçının adının gündəmə gəlməsi yenidən onu gözü götürməyənləri qıcıqlandıra bilərdi. Ona görə də M.Əsəd bəy Qurban Səid imzası altında kitabını çap etdirməklə bir növ öz təhlükəsizliyini sığortalamış olur.

Qurban Səid imzasının yaranma tarixçəsi isə belədir: 1936-cı ildə Qurban bayramı günlərində M.Əsəd bəylə kitabxanada görüşərkən Ə.C.Məzhər ona “Qurban səid!”, yəni “Qurban bayramınız mübarək!” deyir. “Əsəd bəylə söhbət edən bir turist elə başa düşdü ki, mən özümü onlara Qurban Səid kimi təqdim etdim. Turist gülümsəyərək mənə “Sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid” dedi. Beləliklə, Qurban Səid mənim məzəli adıma çevrildi. Bir gün Əsəd bəy ilk romanını çap etdirmək üçün təxəllüs axtarırdı. O mənə Qurban Səid təxəllüsünü götürmək istədiyini bildirdi. Beləcə biz razılaşdıq”.

Bundan sonra M.Əsəd bəy əsərlərini Qurban Səid imzasıyla çap etdirməyi qərara alır.

“Vətəndən bixəbər kişi”

M.Əsəd bəyə sonuncu əsəri olan “Sevgidən bixəbər kişi” romanını bitirməyə uzunsürən ağır xəstəliyi imkan vermir. O, 1942-ci il avqustun 27-də 37 yaşında İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Pozitano adlı yerdə vəfat edir və elə oradaca dəfn olunur.

Diqqətçəkən məqamlardan biri də M.Əsəd bəyin dəfn edildiyi məzarın zahiri görünüşüdür. Belə ki, yazıçının məzarı üzü Məkkə şəhərinə doğrudur, başdaşı isə sufi mədəniyyətinə xas olan Şərq memarlıq üslubundadır və daşdan çalma var. Üstündə isə Əsəd bəyin adından başqa, müqəddəs Qurani-Kərimin ilk ayəsi həkk edilib. Onun vaxtilə yaşadığı Berlindəki evin qarşısına vurulmuş barelyefdə yazıçının dilindən yazılmış “Vətənsiz həyat boş və mənasızdır” deyimi isə insanı kövrəltməyə bilmir.

Bax beləcə Məhəmməd Əsəd bəyin çətin həyat yolu başa çatır. Yazıçı öz arxasınca bütün dünyada sevə-sevə oxunan 15-dən çox bir-birindən gözəl əsər və elə onlar qədər də müəmmalar qoyub gedir. Azərbaycanı bütün dünyada tanıdan və onu dəlicəsinə sevən, həyatı keşməkeşlərlə dolu olan yazıçının həyatına beləcə son nöqtə qoyulur.