Fidan Vahid Füyuzat 145

“Qutadqu-bilig” əsərində Aydoldunun oğlu Öydülmüşə vəsiyyəti

Oğlum, sözlərimi könül qulağınla dinlə. Artıq atanın həyatla vidalaşma zamanı yetişir. Bax mənim halıma, ibrət götür. Ömür ağacımın xəzan çağına çatmışam, əlimdə-ovcumda qalan ancaq böyük bir peşmanlıq duyğusudur. Bu hissin məngənəsində sıxılıram, fəqət nə çarə? Əlimdən heç nə gəlmir. Mən bu yolüstü kanvansaraya – dünya evinə o qədər çox bağlandım ki, onun bu qədər vəfasız olduğunu görə bilmədim. Məni şirin vədlərlə aldatmasına izin verdim. İndi aqibətimə diqqətlə bax ki, sən də mənim kimi olmayasan. Bu həyatda hər yerə yol tapa bilərsən, amma nəhayətində ölümdən qaçmağa yol yoxdur. Onu hətta qızıl və gümüşün gücü ilə də aldatmaq mümkün deyil. Əksi olsaydı, özün düşün, bu qədər zəngin insanlar ölərdimi? Bilgi və ağıl, dava-dərman da ölümə əsər etmir. Əgər ölüm gəldiyi cana fərq qoysaydı, səncə, müqəddəs şəxsiyyətlər – peyğəmbərlər ölərdimi? Budur yaradılışın mizanı: doğulan hər canlı bir gün mütləq ölümü dadacaqdır. Bu dünya müsafirxanadır. O qədər acgözdür ki, qarşısında nə varsa, udar, amma heç cür doymaz…

Oğlum, son nəfəsinə çatanda sən də mənim kimi ah-fəğan etmək istəmirsənsə, sözlərimi qulağına sırğa et. Sənə bilgələrimizin nəsihətlərindən danışacağam. Əziz oğlum, Allahın öz bəndələrinə verdiyi ən böyük lütflər ağıl, xoşgörü və bilgidir. Bunlar kimə bəxş edilərsə, o adam həyatda hüzur tapar, arzularına çatar. Çünki bu dünyada ancaq düşüncələri, davranışları, özü-sözü doğru olan, hər şeyə xoşgörü ilə baxa bilən insanlar əsl səadəti tapa bilərlər. Əsl fəzilət bütün yaradılanları Yaradandan ötrü sevə bilməkdir.

Oğlum, könlünü və dilini doğruluğa alışdır. Onlar bir-birindən ayrı deyildir. Qəlbin dənizdirsə, dilin də onun sahilidir. Dənizdə nə varsa, sahilə də o çıxar. Acı da olsa, hər zaman doğrunu danış, oğul. Yalanın şirinliyi səni yolundan döndərməsin. Çünki əbədi xoşbəxtlik doğruluğun içindədir. Əgər varlanmaq istəyirsənsə, onun da yolu dürüstlükdən keçir. Çalış, bu günün işini sabaha saxlama. Bir an belə olsa, Allaha itaət etməkdən usanma. Rəbbinin hüzurunda qulluq məqamını unutma ki, O da səni rəhmət nəzərindən kənar etməsin.

Oğlum, dostunu diqqətlə seç. Bədəməl yoldaşdan uzaq dur, o sənə mütləq zərər verəcək. İkiüzlü insana sözünü etibar etmə, sirrini yayar, səni el içində xar edər. İşi-gücü dedi-qodu olan naqisləri qapının kandarından belə uzaq tut. Tərbiyəsiz, mərifətsiz insanlarla ünsiyyətdən qaç. Təcrübəli, etibar qazanmış, sözübütov adamla yoldaşlıq et. Sınaqdan keçirmədən könül sirrini heç kimə etibar etmə. Həsəddən uzaq dur, kimsənin uğurunu qısqanma. Gərəyindən artıq yeyib-içmə. Boğazından ancaq halal loğma keçsin. Yeni bir işə başlayanda mütləq öncədən sonunu düşün. Axırını görə bilmədiyin işdən sənə xeyir gəlməz. İşlərində tələskənliyə yol vermə, daim təmkinli ol. Unutma, gördüyün hər iş sənin ləyaqətini nümayiş etdirir…

Davamı…