Yazı yarandığı gündən bəşər övladı oxumağa, bilmədiklərini, ona aydın olmayanları fərqli yolla öyrənməyə və öyrətməyə başladı. Beləcə, bəşəriyyət yazmaq və oxumaqla fikirlərini başqalarına ötürə bildi, inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoydu. Fikir fikirdən, söz sözdən işıq aldı, insanlıq yaradılış sirlərini dərk etməyə çalışdı, nə üçün, nə məqsədlə var olduğunu, haradan gəlib haraya gedəcəyini təfəkkürə başladı. Hər bir şeyin oxuyub-anlamaqla aydın olacağını qavradı. Yazmağı, oxumağı bir mədəniyyət halına gətirən cəmiyyətlər yüksəldi, bundan uzaq düşənlər isə tənəzzülə məhkum oldu. İnsanlıq oxumağın həqiqi məqsədini unudanda ilahi əmr onlara “Oxu” deyə yenidən qüdsi qayəni xatırlatdı…
Oxumaq – keçmişini xatırlamaq.
Oxumaq – dəyərlərini, kimliyini dərk etmək.
Oxumaq – mənsub olduğun millətə, aid olduğun insanlıq ailəsinə faydalı olmağın yollarını öyrənmək…
Millətimizin tarixindəki intibah dövrləri məhz oxuyanların bələdçiliyi ilə gerçəkləşdi, oxumağı təbliğ etməklə, öyrətməklə reallaşdı. O aydınlar öz kimliklərini doğru mütaliə ilə formalaşdırdılar. Oxumağın sadəcə məlumatlanmaq olmadığını dərk edərək elmlə əxlaqı, vicdanı, fədakarlığı, faydalı olmağı birləşdirdilər. “Nə qədər oxuyursan oxu, bir alimə yaraşan şəkildə davranmadığın müddətcə cahilsən” (Xaqani Şirvani) dedilər.
Oxumaq yeri gəldikdə ibrət, yeri gəldikdə də örnək ala bilməkdir. Dünənindən dərs almaq, sabahına hazırlaşmaqdır…



