Tarix

Rəsulzadə və Stalin

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu və lideri Məhəmməd Əmin Rəsulzadə 1905-ci ildə Bakıda Koba kimi tanınmış İosif Stalinlə Balaxanı mədənlərində tanış olmuşdu. O zaman Balaxanıda “Bakı petrol sənayesi işçilərinin sindikatı” adlı bir təşkilat mövcud idi.

Bu yarımleqal təşkilatda Məhəmməd Əminin əmisi oğlu Məmmədəli Rəsulzadə katib işləyirdi. Məhəmməd Əmin Rəsulzadə onun vasitəsilə Stalinlə tanış olmuş və birlikdə çar rejiminə qarşı mübarizə aparmışlar.

Rəsulzadə Stalin dara düşəndə onun köməyinə çatır, onu etibarlı yerlərdə gizlətməklə təqiblərdən qurtarırdı. Gizli keçirdikləri yığıncaqların yeri polis tərəfindən aşkar edildiyi zaman Məhəmməd Əmin ilk növbədə Stalini aradan çıxarıb gizlədirdi.

Onların arasındakı bu dostluq sonralar haçalandı. M.Ə.Rəsulzadə “Müsavat” partiyasına başçılıq etdiyi vaxtlarda onlar artıq ayrı-ayrı cəbhələrdə idilər. Lakin müxtəlif əqidələrdə olsalar da, aralarındakı köhnə ünsiyyət hələ də yaşayırdı. Bu, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti yarandıqda baş verən hadisələrlə təsdiqlənir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranır. Həmin dövrdən başlayaraq Rusiya Sovet hökuməti gənc Azərbaycan Respublikasına qarşı təcavüzkar siyasət yeritməyə başlayır. 1920-ci ilin 27 aprelində isə Sovet Rusiyasının XI Qızıl Ordusu hücuma keçərək Azərbaycan Respublikasına təslim olmaq barədə ultimatum verir. Dövlətçilik baxımından hələ möhkəmlənməmiş Azərbaycan dövləti 27 apreldə çıxılmaz vəziyyətdə qalaraq parlamentin fövqəladə iclasını çağıraraq rusların ultimatumunu müzakirə etməyə başlayır. Güclü ordusu olmayan Azərbaycanın parlamenti təslim olmaqdan başqa heç bir çıxış yolu qalmadığına görə təslim olmaq barədə qərar çıxarır. Bu qərarda rusların qarşısında bir sıra şərtlər irəli sürülmüşdü. Qərarın 5-ci maddəsində göstərilirdi ki, təşkil olunacaq müvəqqəti kommunist hökuməti Azərbaycan hökumətinin və parlament üzvlərinin toxunulmazlığına təminat verməlidir.

Aprelin 28-də XI Ordu hissələri şəhərə daxil olandan sonra məlum oldu ki, iclasın qərarında irəli sürülmüş maddələrin heç birinə riayət edilmir. Buna görə də şəhərdəki özbaşınalıqdan istifadə edərək hökumət üzvlərindən və varlılardan bəziləri aradan çıxıb gizlənməyə imkan tapırlar. Lakin qaçmağa imkan tapmamış vəzifəli adamlar və varlılar həbs edilib həbsxanalara doldurulur. Məhəmməd Əminlə müsavatçı Abbasqulu Kazımzadə isə paytaxtdan uzaqlaşıb Lahıca gedirlər. Xalqın görkəmli generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski həbs olunurlar. Müsavat ordusunun zabitlərindən bəzilərini həbs edib dərhal güllələyirlər. XI Ordunun siyasi idarəsinin xüsusi şöbəsinin rəisi Pankratov şəhərdəki daşnak-bolşeviklərlə, Anastas Mikoyan və başqaları ilə birləşərək şəhərdə talana başlayır. Onlar evlərə soxulub qadınların boyunlarından və barmaqlarından qızıl əşyaları zorla çıxarırlar. Varlıların ev-eşikləri talan olunur. Talan edə bilmədikləri əşyaları isə çıxarıb küçəyə tökürlər. Şəhərdə başlayan bu dəhşətli günlər “talan həftəsi” kimi bu günədək də qoca yaşlı bakılıların xatirəsindən silinməmişdir. Bu vəziyyət Nəriman Nərimanovun Bakıya gəlməsinədək davam edir. Məlum olduğu kimi, N.Nərimanov Bakıya may ayının 16-da gəlmişdir. Gələn gündən İnqilab Komitəsinin sədri kimi şəhərdə qayda-qanun yaratmağa müvəffəq olur. Hacı Zeynalabdin Tağıyevlə generallar Mehmandarov və Şıxlinski həbsdən azad edilirlər. Şəhərdə asayiş bərqərar olunur, dükan-bazar açılır. Bu zaman Pankratovun adamları Lahıcda Məhəmməd Əmingilin izinə düşərək onları həbs edib Bakıya gətirirlər. Camaat arasında şayiə yayılmışdı ki, Məhəmməd Əmini öldürmüşlər. Əhali həyəcan içərisində idi. N.Nərimanov əhalini sakitləşdirmək üçün onun barəsində qəzetdə xüsusi məlumat verir. Məlumatda deyilirdi:

“Məhəmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun Bakıya gətirilməsinə qərar vermişdir. Burada isə onun həyatı əmniyyət altındadır. Əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”.

İ.Stalin də Moskvadan Nərimanova zəng edərək Məhəmməd Əminin vəziyyətini xəbər alır. Nərimanov vəziyyəti ona danışandan sonra Stalin deyir:

– Mən onunla görüşmək üçün bir neçə gündən sonra Bakıya gələcəyəm. Mən gələnədək onun barəsində heç bir hökm verilməsin.

Stalin dediyi kimi, artıq Bakıda idi. Həbsxanada Stalinlə görüşünü Məhəmməd Əmin özünün “Stalinlə ixtilal xatirələri”ndə təsvir edib.

1920-ci ildə Bakıya işgüzar səfərə gələn İ.Stalin həbsxanada Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Bu görüş barədə Məhəmməd Əmin yazır:

“Bir gün gözətçi kameraya girib məni özü ilə Stalinin yanına apardı. İçəri girdim. Masanın arxasında duran Pankratovun yanında Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxırdı. Zabit məni qarşılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq:

– Yoldaş Rəsulzadə, tanıdınızmı (bir az fasilədən sonra), Stalin, – dedi.

– Bəli, tanıdım (bir az fasilədən sonra), Koba, – dedim.

Dayanmağımda bir məna vardı, mən rus sovet komissarı “Stalin” deyilən zatı tanımırdım: mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı.

Stalin dərhal Pankratova müraciətlə dedi: “Bizi ikilikdə buraxın”.

Pankratov çıxandan sonra mənə:

– Çətin günlərdə bərabər çalışdıq, indi isə toqquşduq.

– Dünya belədir, hər şey ola bilər.

– Dosyenizi gördüm. Vəziyyətiniz çox pisdir, – dedi.

Mən bir ləhzə onun gözünün içinə baxdım:

– “Müsavat” partiyasına mənsub olmaq töhməti ilə işçilərin qruplar halında güllələndiyi bir yerdə bu firqənin lideri qalaraq vəziyyətimin yaxşı olacağını düşünəcək qədər sadə deyiləm. Fəqət bu pisliyin dosyedən çıxdığına inanmıram. Çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur.

Stalin mövzunu dərhal dəyişdirdi:

– Mən bunun üçün gəlmədim, – dedi. – Buraya gəlincə məhbus olduğunuzu öyrəndim. Sizinlə görüşəcəyimi yalnız doktor Nərimana söylədim, – deyəndən sonra sözünə davam etdi. – Burdakılar (yerli kommunistləri nəzərdə tuturdu) sizdən qorxurlar. Bir qismi “Müsavat” rəisi öldürülməlidir” deyir, bir qismi də “yox, ömrü olduqca həbsdə qalsın” təklifini edir. Fəqət mən bu iki ehtimalın heç birisini rəva görmürəm. Siz köhnə mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürülməli, nə də ömrü boyu həbsxanada çürüdüləcək bir insan deyilsiniz.

Məncə, sizə azadlıq verilməlidir: istəsəniz, burada qalın, istəsəniz, mənimlə bərabər Moskvaya gedək. Bunu mən sizə şəxsən tövsiyə edirəm. Çünki burdakılar sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək sizi məsuliyyətə çəkəcəklər, istəsəniz, dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız. Düşünün, daşının, bəlkə də, bizimlə əməkdaşlıq etdiniz.

Stalinin “Rusiyadan bəhs açan rəsmi” müqəddiməsindən, köhnə mücadilə “dostluğundan” bəhs edən səmimi bir söhbət ədasına çevrilən bu ifadəsinə eyni şəkildə cavab vermək lazım idi.

– Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, yoldaş Koba, – dedim”.

M.Ə.Rəsulzadə Azərbaycanda baş vermiş hadisələri, xüsusilə 1918-ci ildə Bakıda Şaumyan tərəfindən qızışdırılmış dəhşətli soyqırımı barədə ətraflı danışır. Stalin onu dinlədikdən sonra deyir:

“– Bəli, haqlısınız, biz gərək 1918–19-cu ildə Şaumyanı buraya göndərməyəydik.

Bir saatdan çox çəkən söhbət qurtarmaq üzrə idi. Stalin söhbəti praktik bir nəticəyə gətirmək məqsədilə sözü təkrar bizim “hürriyyətə” gətirdi. Bakıda qalmağıma, yoxsa Moskvaya getməyə üstünlük verdiyimi öyrənmək istəyirdi. Mən ona dedim:

– Madam ki bizə azadlıq rəva görülür, o halda dörd divar arasında məhbus olaraq düşünüb qərara gəlməkdənsə, bütün məsələləri azadlıq havası içində salim (sağlam) bir başla düşünüb həll etməyə üstünlük verirəm”.

Lakin Moskvaya yola düşmək ləngiyirdi. Bundan narahat olan Rəsulzadə öz narahatlığını Pankratov vasitəsilə Stalinə çatdırır. Stalin yenə Pankratov vasitəsilə bu sözləri Məhəmməd Əminə çatdırır:

“Mən hələ bir neçə gün də burdayam. Siz mənimlə bərabər Moskvaya gedəcəksiniz. Sizi Moskvaya gedəcəyimiz gün azad buraxacaqlar. İstəsəniz, ailənizi də özünüzlə bərabər götürə bilərsiniz. Moskvada tamamilə azad olacaqsınız. Məmmədəli ilə Abbasqulu Kazımzadə də sizinlə bərabər gedəcəklər”.

M.Ə.Rəsulzadənin gözlədiyi azadlıq günü gəlib çatdı. Təkcə Abbasqulu azad edilməmişdi. Deyildiyinə görə, onun haqqında çoxlu məktub gəldiyindən yerlilər onun Moskvaya getməsinə etiraz etmişdilər.

Doğrudur, bu xəbərdən Məhəmməd Əminin kefi bir az pozuldu. Lakin Stalinin onlar haqqında belə alicənablığı onu ruhdan salmadı. Stalinin onun haqqında keçmiş mübarizə yoldaşı kimi ağızdolusu danışması, heç gözləmədiyi halda, onda xoş təəssürat yaratmışdı. Məsələ orasında idi ki, N.Nərimanov da onun haqqında eyni fikirdə idi. İndi onlar iki zidd cəbhədə durduqları halda, insan kimi öz insaniyyətliklərində möhkəm idilər. O, “Bahadur və Sona” romanı barədə yazmış olduğu səmimi məqaləni heç zaman unutmamışdı.

Məhəmməd Əmin və Məmmədəli ailələri ilə görüşüb dəmiryol vağzalına gəlirlər. N.Nərimanov da Stalini yola salmağa gəlmişdi. Yolda Stalinə xidmət edəcək adamlar Stalinin vaqonuna qoşulmuş ikinci vaqonda gedirdilər. Məhəmməd Əmingil də bu vaqonda yerləşdilər.

Qatar Moskvaya çatanadək Stalin onları tez-tez öz vaqonuna çağırır, söhbətləri gecə yarısına qədər davam edirdi. Birlikdə çay içir, yemək yeyirdilər. Stalin Sibirdə sürgündə olarkən keçirdiyi günlərindən danışırdı.

Son baharın xoş günlərindən birində onlar Moskvaya çatdılar.

M.Ə.Rəsulzadə iki il Moskvada qaldı. Stalinin köməyi ilə o, Stalinin komissar olduğu Millətlər Komissarlığının orqanı olan “Jizn nasyonalnosti” qəzetində öz məqalələri ilə əməkdaşlıq edirdi. Bundan başqa, Stalinin köməyi ilə Elmlər Akademiyasında işə düzəlmişdi. Burada o, görkəmli şərqşünas alim Marr ilə yaxından tanış olur. Şərqşünaslıq İnstitutunda professor kimi çalışır.

Bununla belə, o bütün günü Rusiyadan necə azad olmaq barəsində düşünür. Nəhayət, bir gün Stalinə deyir:

– Mən nə vaxt xaricə gedə bilərəm?

Stalin bir az fikirləşəndən sonra deyir:

– Heç vaxt.

O belə cavabdan durduğu yerdə sarsılır.

– Bu necə olur, axı özün demişdin ki, bəyəndiyin ölkəyə gedə bilərsən.

– Demişəmsə, deməmiş olum. Bu fikri birdəfəlik başından çıxar.

Stalinin onunla belə danışmasının səbəbi vardı. Vaxtilə Sovet hökuməti mərhəmət göstərərək Ukraynanın müxalifətçi nümayəndələrindən olan Vernitskiyə xaricə getməyə icazə vermişdi. O isə xaricə gedəndən sonra Sovet quruluşu, Sovet adamları barədə antisovet çıxışlar etməyə başlamışdı. Bundan sonra xaricə adam göndərmək qadağan olundu. Stalin də Rəsulzadəyə sərt cavab verərkən bunu nəzərdə tutmuşdu. Stalindən bu cavabı alan Rəsulzadə özü özünə yol açmaq barədə düşünməyə başlayır. Moskvadakı tatar dostlarından eşitmişdi ki, Leninqraddan Fin körfəzi ilə Finlandiyaya keçmək olur. Buna görə də işlədiyi Şərqşünaslıq İnstitutundan 1 aylıq məzuniyyət götürür; guya əlindəki elmi əsərin üstündə işləyərkən ona Leninqrad kitabxanalarında çalışmaq lazım gəlir. Bu məqsədlə Leninqrada yola düşür.

Leninqradda gözdən pərdə asmaq üçün gündə bir neçə saat kitabxanada işləyir. Qalan vaxtlarda isə Moskvadakı dostlarının ona məsləhət gördükləri, Fin körfəzi ətrafında yaşayan tatar qayıqçıları ilə görüşüb Fin körfəzini keçmək barədə sövdələşir. Nəhayət, günlərin birində balıqçı qayığı ilə yağışlı, dumanlı bir gecədə Leninqradı tərk edir. Min bir əziyyətlə çəkinə-çəkinə Finlandiyaya tərəf keçəndən sonra Almaniyaya getmək imkanı yaranır. Oradan Fransaya, Fransadan da Türkiyəyə keçir.

İstanbula çatıb rahatlanandan sonra birinci növbədə Stalinə məktub yazır.

Məktub çox uzundur. Mən məktubun yalnız Stalinlə Rəsulzadənin arasındakı münasibətlərə aid hissəsini oxuculara təqdim edirəm:

“…Hörmətli Stalin. Qurtuluşum dostlarım üzərində xoş bir heyrət təsiri buraxmışdır. Onlar, təbii, haqlıdırlar: fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün güllələnmədilərmi? Bu saatlar daxilində adı çəkilən partiyanın rəisi olmaq hesabilə mənim qurtuluşum bir növ möcüzə imiş. Qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti sizsiniz. Çünki köhnə dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağı lazım gördünüz. Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi məhrumiyyətlərə məruz qaldımsa da, bunlar hər kəsin ümumiyyətlə yükləndiyi məhrumiyyətlərdən ibarət olub. Mənə aid olan xüsusiyyətə malik deyil. Əksinə, bəzən elə olurdu ki, bəzi imtiyazlardan belə faydalanırdım. Bundan ötrü sizə təşəkkür edirəm”.

Məktubda daha sonra yazılmışdı:

“Moskvadan ayrılarkən sizinlə görüşə bilmədim. Çünki Rusiyanı gizlicə tərk etməyi qərara almışdım. Bu hərəkətimdə sizə qarşı hörmətsizlik görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim. İşin mənfi tərəfini mülahizə etdim. Bəlkə, siz icazə verməzdiniz. O zaman hər nə cür olsa da, Rusiyanı tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi ki, bu da mənim üçün mümkün olan iş deyildi. Çünki bu özümü rədd etmək deməkdi. Eyni zamanda bu Rusiyada cərəyan edən hadisələrin və hüsula gəlməkdə olan halın dilsiz bir müşahidi olaraq qalacaqdım…”

Stalin məktubu oxuyub qurtarandan sonra onun sifətində qəribə bir ifadə yarandı. Bu ifadədə nə qəzəb, nə də razılıq duyulurdu. Ancaq bununla belə, özündə bir yüngüllük hiss edirdi. Məhəmməd Əmin bu hərəkəti ilə onu ağır bir yükün altından çıxarmışdı. Söz vermişdi ki, onu xaricə göndərsin. Ancaq bunu bacarmırdı, vədinə sanki xilaf çıxmışdı. Yaxşı ki Məhəmməd Əmin özü bu məsələni həll etdi, buna görə də ona acığı tutmadı. Aralarındakı ünsiyyət iki bir-birinə zidd əqidə sahibini, iki zidd qütbü bir-birinə yaxınlaşdırmışdı. Məhəmməd Əminin dediyi möcüzə də elə bu idi.

Qılman İlkin