Qeyd: “Cümhuriyyət hekayələri” silsiləsi altında təqdim edilən sənədli hekayələr təkcə bədii təxəyyülün məhsulu deyil, həm də tarixi sənədlərə əsaslanaraq hazırlanıb. Real tarixi sənədlər, mənbələr, kitab və məqalələr sayəsində ərsəyə gələn bu bioqrafik hekayələr sizinlə birgə yol gedəcək, bədii təsvirin gücü ilə yaşanmış real hadisələrə işıq tutacaq.
Bu dəfə Azərbaycan Cümhuriyyətinin banilərindən biri, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və ailəsinin yaşadığı dəhşətlərdən (sözün əsl mənasında!) danışacağıq.
İstifadə olunan əsas mənbələr: mərhum araşdırmaçı-alim Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan Xalq Cümhuriyyəti” kitabları…
Yazının ilk hissəsi üçün link (https://fuyuzat.az/resulzad%c9%99-ailesinin-yasadigi-5-amansiz-dehset-cumhuriyyet-hekayeleri/ )
Yazının birinci hissəsində Rəsulzadələr ailəsinin yaşadığı dəhşətlərdən, həyati faciələrdən danışdıq. Bu dəhşətlərin hər biri ailənin hansısa üzvünün faciəvi sonluğunu özündə əks etdirib: on doqquz yaşında güllələnən Rəsul, övladlarını itirəndən sonra özü də donaraq ölən Lətifə, övlad itkiləri səbəbindən ürəyi partlayan Ümbülbanu xanım, sürgün olunan zaman iyirmi səkkiz gün qatarda heç nə yeməyib aclıq və xəstəlikdən ölən yaşlı Maral xanım (Rəsulzadənin anası), itkin düşən və sonrakı taleyinin nə olduğu heç zaman bilinməyən Xalidə…

Amma gəlin razılaşaq: Məhəmməd Əmin Rəsulzadə ailəsinin ən böyük faciəyə uğrayan, dəhşətlərin ən acısını yaşayan üzvü – sonbeşik oğlu Azər olub. Birincisi, ona görə ki bu dəhşətlərin hər biri Azərin gözünün qarşısında olub. İtirdiyi hər ailə üzvü ilə birlikdə o da əslində, bir həyat itirib. Odur ki başqa ailə üzvünün bir dəfə (ən azı!) yaşadığı dəhşəti Azər dəfələrlə özündən keçirib və bu acıların dözülməz təsirləri hər zaman onun ruhunda, həyatında olub, ta son mənzilədək nakam taleli insana “yoldaşlıq” edib. Rəsulzadələr ailəsinin ən çox yaşayan üzvü olub Azər. Əslində, bu uzun ömrün (o biriləri ilə müqayisədə) hər günü onun üçün sarsıdıcı xatirələrlə yadda qalıb; özündən iki yaş böyük qardaşı Rəsulu əlisilahlılar onun gözü qarşısında aparıblar. Azər gənc Rəsulu elə o görən görüb; istintaq zamanı “hələ cavanam, məni öldürməyin” deyən qardaşına həsrət qalıb. Deyirlər ki, Azər artıq yaşlaşanda hər dəfə Rəsulun adı gələndə ağlayırmış…
İtkin düşən bacısı Xalidəni çox axtarmış, heç olmasa, onunla bağlı hansısa işıq ucunu çox gözləmişdi. Ömrünün sonunadək də gözlədi, amma olmadı, Xalidə də onu bu fani dünyada tək qoydu. Atasını heç cür yadına sala bilmirdi. Axı Cümhuriyyətin devrilməsindən sonra təcili surətdə ailəsi ilə vidalaşan Məhəmməd Əmin evə gəlib həmin acı dolu gündə hamı ilə bir-bir sağollaşanda Azər çox balaca idi.
Azər iki aylıq olanda Məhəmməd Əmin evə gələrək öz körpəsini öpür, adının nə olduğunu soruşur. Ümbülbanu xanım isə uşağın adını Əliheydər qoyduqlarını deyib.
Məhəmməd Əmin oğlunu bağrına basıb narazılıq dolu coşğunluqla deyir:
– Yox, bu, Əliheydər olmayacaq. Bu azəri oğludur: Azər olacaq.
Məhəmməd Əmin oğlu Azərlə belə görüşüb ayrılır. Onlar bir daha görüşmürlər. Gözünün qabağında bütün ailəsi pərən-pərən olan Azər sonradan Qazaxıstan sürgünündən Bakıya bir neçə dəfə gəlsə də, yenidən geri dönür. Amma artıq onun burada ailəsindən kimsə yox idi. Azər, bəlkə də, onda anlayır taleyinə yazılan sürgün anlayışını… O, bir ömürlük sürgünü “həyat” adı ilə keçirməyə məhkum olub. Sürgün Azər üçün ömür qədər uzanıb.
Deyirlər ki, o, Xəzər dənizinə çox aşiq imiş. Axı necə də olmasa, ömrünün on yeddi ilini məhz dəniz kənarında – ata-baba yurdu olan Novxanıda, onun doğma qumsallıqlarında keçirib. Deyilənlərə görə, bu qumsallıqlar, Novxanı sahillərinin mehi, isti günəşi, bir sözlə, Xəzərin özü Azərin ən ağır nisgilinə çevrilib. Bu nisgil ömrünün sonunadək onu izləyib.
HAŞİYƏ: Məhəmməd Əmin irsinin araşdırmaçısı Nəsiman Yaqublu Azər bəylə Karaqandadakı (Qazaxıstan) söhbətindən maraqlı bir detala toxunur. Azərbaycanda Məhəmməd Əminə artıq tamam başqa gözlə baxdıqlarını, bir qəhrəman kimi qəbul etdiklərini və Azər Bakıya gələrsə, onun üçün də yaxşı olacağını bildirəndə, oğul bu sualı verib: “Görəsən, ora gəlsəm, mənə ev verərlərmi?”
Bu haşiyədə vurğulanan məqam evdən də çox Azərin uzun illərdir ki, uzaqlaşdığı bir doğmalığı özündə əks etdirən xəyali məkana sahiblənməsidir. Bakının, Xəzərin doğmalığını illərdir ki, itirən Azər hər zaman özünə, uşaqlığına qayıtmaq üçün yurd-yuva həniri arayıb axtarıb. Onun doğma evlərini zorən tərk etdikləri günlə bağlı xatirələrinə qulaq verək:
“Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harada olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapır və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin gün güclü yağış yağırdı. “Azneft” meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməçələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı…
Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə, demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu…”
Söhbətin bu yerində mərhum alim Nəsiman Yaqublunu da xatırlayaq. Allah rəhmət eləsin. Araşdırmaçı fəaliyyətinin böyük bir dövrü həm də M.Rəsulzadə, onun həyatı və fəaliyyəti ilə bağlı olub. Bu fəaliyyət sonradan onu Rəsulzadənin oğlu Azər və nəvəsi Rəislə dosta çevirib. Bir neçə il bundan əvvəl Nəsiman müəllimin bu sətirlərin müəllifinə Azər bəylə bağlı söylədikləri maraqlı xatirələri indi xatırlamasaq olmaz:
“Azər Rəsulzadə bir neçə dəfə Bakıda olub. Sovet dövründə gizli şəkildə bura gələr, bir-iki gün qalandan sonra yenidən Qazaxıstana yollanardı. Çünki onun burada olmasına icazə verilmirdi. Ancaq SSRİ dağılandan sonra sərbəst Bakıya gəlmək imkanı oldu. 1991-ci ilin fevralında Bakıya gəldi. Onu qarşılaya bilmədim, Türkiyədə idim. Qayıdan kimi Azər Rəsulzadəyə baş çəkdim. O zaman oğlu Rəis Rəsulzadə “Əhmədli” tərəfdə yaşayırdı. Azər Rəsulzadə də oğlunun yanında qalırdı. Onda mən Rəsulzadənin indi hamıya məlum olan məşhur səsyazısını ilk dəfə özümlə Bakıya gətirmişdim. (Rəsulzadənin “Amerikanın səsi” radiosu ilə müraciətini nəzərdə tutur – E.N). Səsin yazıldığı kaseti maqnitafona qoydum, istədim ki, Azər Rəsulzadə atasının səsini ilk dəfə eşidə bilsin. Siz bilirsiz, o hələ beşikdə ikən Məhəmməd Əmin ölkəni tərk etməyə məcbur olmuşdu. Ona görə də Azər onun səsini heç vaxt eşitməmişdi. Şəxsən mənim özümə də maraqlı idi; gözləyirdim, görüm ilk dəfə atasını eşidəndə necə reaksiya verəcək. Dinlədi. Simasında çox qəribə əhval-ruhiyyə yarandı. Bəlkə, də həmin anı tam olaraq dərk edə bilmirdi. Ancaq “maraqlıdır”, “çox maraqlıdır” deyə söyləyə bildi. Amma onun əsl reaksiyası dediklərində yox, üz-gözündəki hiss-həyəcanında idi. Bunu isə gözlə görmək lazım idi. Həmin gün Rəis Rəsulzadənin evində xeyli söhbətləşdik, dedik-güldük. Çox gülərüz, mehriban insan idi. Təəssüf ki, buradan qayıdan kimi Karaqandadakı evində xəstələndi. Səhv etmirəmsə, 1992-ci ildə bir dəfə də Bakıya gəldi. Amma qısa müddətli… Artıq o zaman xəstə idi və Qazaxıstana qayıdandan sonra da yatağa düşdü. Ölümündən bir neçə gün əvvəl zəng edib onunla danışdım. Güclə danışırdı. Vəziyyətinin ağır olduğunu, ayaqlarının işləmədiyini dedi. Çox təəssüf ki, həmin telefon danışığından bir neçə ay sonra dünyasını dəyişdi.
Karaqandada həyət evində yaşayırdı. Orada bir neçə dəfə olmuşam. Həyətdə hər şey əkirdi. Torpağa çox bağlı idi. Bir də həmin evindən bir az irəlidəki gölə tez-tez gedər, demək olar ki, hər gün orada çimərdi. Deyərdi ki, “mənim uşaqlığım Xəzərin kənarında, Novxanıda keçib. Mən susuz, Xəzərsiz yaşaya bilmərəm”.
Elə bununla bağlı sizə bir maraqlı hadisə də danışım. Həm də layihənin adına da uyğundu: sürgün olunandan haradasa, 8-9 il sonra gizli şəkildə Bakıya gəlmək istəyir. Birbaşa icazə olmadığı üçün Türkmənistan vasitəsilə gəmi ilə bura keçməli olur. Azər hələ Xəzərin Türkmənistana aid hissəsini görən kimi özünü saxlaya bilmir. Elə pal-paltarlı özünü dənizə atır. Ətrafdakılar da başa düşmür ki, bu nə edir, nə üçün özünü pal-paltarlı dənizə atır? Amma anlamırdılar ki, o dəniz Azərin uşaqlığının acılı-şirinli xatirəsidir. Azər bəy ömrünün axırına qədər həmin xatirələrlə yaşadı. İstər bura gələndə, istərsə də biz ora gedəndə hər zaman ən birinci Xəzəri soruşardı.
Həyat yoldaşı da çox gözəl insan idi; rus qızı Mariya. Mariya onun ikinci evliliyi idi, birinci evli olduğu qadın azərbaycanlı olub. Dünyasını tez dəyişmişdi. Amma Mariya da çox gözəl qadın idi və Rəsulzadələrin kimliyini, Azər bəyin hansı ailədən olduğunu gözəl bilirdi. Hər zaman da bu soyada hörmətlə yanaşırdı”.
Azər bəy həm də yaxşı tar çalardı. İçərişəhərli Kor Həsənəli ona tar ifasını öyrətmişdi. Həm də çox gözəl rəssam idi. Gəncliyində əfsanəvi qəhrəman Mehdi Hüseynzadə ilə dostluq edərmiş: bərabər rəsmlər çəkib satar, beləcə pul qazanarmışlar. Amma 1938-ci ildə Azər ailəsi ilə birlikdə Qazaxıstana sürgünə getdikdən sonra onların ortaq “iş”inə son qoyuldu. Maraqlı bir faktı deyim: bir dəfə onlar rəsm çəkib satırlar. Lakin rəsmin pulunu almadan Azər bəy ailəsi ilə birlikdə sürgün edilir. Mehdi Hüseynzadə sonradan rəsmin pulunu alıb ona göndərmişdi. Bu da Mehdinin güclü xarakterindən, düzgünlüyündən irəli gəlirdi.
Azər tarda çox yaxşı “Bayatı-Şiraz” ifa edərmiş. Onun ifası həddindən artıq təsirli olarmış. Əvvəlcə, xatirələrə dalar, Bakıdan, ailəsindən danışar, daha sonra isə tara keçərmiş. Bir dəfə də tar ifa edərkən möhkəm kövrəlir və hönkürtü ilə ağlayır. Çünki ifa zamanı bütün ailəsi gözlərinin önündə canlanarmış: Ailə pərən-pərən düşüb, kimisi donvurmadan ölüb, kimisi acından, kimisi də qəm-qüssədən…
“Bağda qardaşımla uzanmışdıq. Birdən əsgərlər gəlib zorla qardaşımı bizdən ayırıb apardılar. Bütün ailə ah-nalə edir, fəryad qoparırdı. Amma onlara kimsə fikir vermirdi. Rəsul çox gözəl bilirdi ki, onu güllələməyə aparırlar”.
Mən sonradan istintaq materialları ilə tanış oldum. Rəsul sorğu-sual zamanı cəmi bircə dəfə deyir ki, “mümkünsə, məni güllələməyin. Gəncliyimə, cavanlığıma baxıb bunu etməyin”. O, yalvar-yaxar etmir, sadəcə, yüksək təmkinlə bircə dəfə bunu deyir. Amma buna əməl edilmir, Rəsul güllələnir. Azər Rəsulzadə bu əhvalatı mənə danışanda çox möhkəm kövrəlirdi”.
Ata Rəsulzadənin son dəfə cəmi iki aylığında gördüyü körpə övladı Azər yetmiş yaşdan sonra da öz uşaqlıq zədələri ilə yaşadı. Onu yaşadan ən güclü hiss isə elə Bakının özü idi. Deyirlər ki, cavan vaxtlarında sürgündən sonra ilk dəfə Bakıya gəldiyi zaman olduğu gəminin göyərtəsindən Bakının sahillərini görür. Amma gəminin sahilə çatmasına, sərnişinlərin oranı tərk etməsinə hələ var imiş. Lakin Azər buna dözmür; illərlə həsrətini çəkdiyi o Bakı sahillərini görər-görməz özünü paltarlı-qiyafəli dənizə atır. Üzə-üzə o sahillərə doğru yön alır.
Oğlu Rəis bəyin xatirələrindən:
“Atam 1991-ci ildə yenə Bakıya gəlmişdi. Xəstələndi. Bir müddət Mərkəzi Klinik Xəstəxanada yatdı. Qayıtmazdan qabaq Novxanıya getdi. Ulu babamızın məzarını ziyarət elədi. Gördüm əliylə göstərir ki, məni burda dəfn edərsiniz. Orda da yer az idi. Mən də dedim, nə danışırsan, o yan-bu yan… Getdi dəniz qırağına. Uşaqlıqda gəzdiyi yerlərə baxdı, xatirələrə daldı. Sonra Qazaxıstana getdi. İki ildən sonra ağır xəstələndi. Serroz oldu. Getdim, iki ay başının üstündə oturdum. Mənə deyirdi ki, gedirəm Bakıya. Məni Bakıya apar. Yığışdıq ki, gələk, fikrini dəyişdi. Dedi, yox, mən getmirəm, amma orda dəfn eləyərsiniz məni. Dedim niyə getmək istəmirsən? Dedi, “orda məni istəyənlər də var, istəməyənlər də. Qoy məni zəif görməsinlər”. Amma hərdən deyərdi ki, “nə xoşbəxtlikdir Vətəndə ölmək!.. Böyük xoşbəxtlikdir…” (kövrəlir) 1993-cü il iyulun 8-də rəhmətə getdi. Gətirib bir gün sonra Novxanıda torpağa tapşırdıq…”
Və… Azər bəy illərlə həsrət qaldığı həmin qumsallıqlara, doğma Xəzərə məhz bu cür qovuşur. Elə dəhşətli tale yaşayan ailəsinə də…



