Xəbərlər

Reuters: ABŞ İrana qarşı sanksiyaları artırmayacaq

ABŞ dünya bazarında yanacağın qiymətinin qalxması təhlükəsi səbəbindən İrana qarşı sanksiya təzyiqlərini artırmayacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın “Reuters” agentliyi ekspertlərə istinadən məlumat yayıb.

Agentliyin fikrincə, İrana qarşı sanksiya təzyiqinin artması İranın dünya bazarlarında neft tədarükünün azalmasına gətirib çıxaracaq ki, bu da yanacağın qiymətinin artmasına səbəb olacaq. “Reuters” keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti və enerji bazarı araşdırması agentliyi “Rapidan Energy Group”un baş direktoru Skott Modelin fikirlərinə yer verib: “Hətta bu qanun layihələri qəbul edilsə belə, ABŞ prezidenti Co Bayden administrasiyasının həddən artıq fəal olacağını təsəvvür etmək çətindir. Onun İran neftinin ixracını hər hansı şəkildə azaltmaq və ya məhdudlaşdırmaq üçün mövcud və ya yeni sanksiyaları tətbiq etməyə çalışacağı real görünmür”.

Keçmiş amerikalı kəşfiyyatçının fikrini Atlantik Şurasının eksperti Kimberli Donovan da bölüşüb: “Mən Bayden administrasiyasının İranın İsrailə raket hücumlarına cavab olaraq sanksiyaları sərtləşdirməsini gözləməzdim, əsasən bunun neft qiymətlərinin artmasına səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə Vaşinqton bundan çəkinəcək”.

Bununla yanaşı, agentlik hesab edir ki, ABŞ-ı İrana qarşı sanksiyaları gücləndirməkdən çəkindirən başqa səbəb də var. Mənbənin sözlərinə görə, bu, Çinlə münasibətlərdir. Çünki Çin İrandan aktiv şəkildə neft alır. “Reuters” həmçinin İranın Çinə tədarükünün xüsusiyyətlərini izah edir və qeyd edir ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, Çinə daxil olan demək olar ki, bütün İran nefti Malayziya və ya digər Yaxın Şərq ölkələrində istehsal olunur.