Xəbərlər

Reuters: İraq müqavimət qüvvələrini tərksilah etməyə hazırdır

“İraqın İslam Müqaviməti”nə daxil olan silahlı qruplar Bağdad və Vaşinqton arasında münaqişənin genişlənməsinin qarşısını almaq üçün silahlarını yerə qoymağa hazırdırlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə qrup üzvlərinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə görə, qrup liderləri ilə İraqın Baş naziri Məhəmməd əl-Sudani arasında tərksilah danışıqlarında “əhəmiyyətli irəliləyiş əldə edilib” və onlar da öz növbəsində ABŞ-ın silahı buraxmaq çağırışlarına cavab verməyə meyllidirlər. Mənbələr bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müqavimət qüvvələrinin əsas müttəfiqi olmaqla, İraq qüvvələrinə Vaşinqtonla münasibətlərin gərginləşməsi məsələsində öz qərarlarını qəbul etmək imkanı verib.

İraqlı bir siyasətçi “Reuters”ə təsdiqləyib ki, müqavimət qüvvələri ABŞ qüvvələrinin hədəfinə çevrilmək ehtimalından “tam xəbərdardır”. Qeyd olunur ki, son vaxtlar İraqdakı qruplaşma komandirləri təhlükəsizlik tədbirlərini ciddi şəkildə artırıb, mobil telefonları, nəqliyyat vasitələrini və yaşayış yerlərini tez-tez dəyişməyə başlayıblar.