Varlıq aləmi bir iradədən, bir istəkdən meydana gəldi. “Uca Yaradan gizli bir xəzinə idi, bilinməyi iradə etdi və məxluqatı yaratdı” (“Hədisi-qüdsi”). Yəni Allah-taala öz iradəsi ilə varlıq aləmini xəlq etmək istədi və ona “ol” dedi, o da oldu (“Yasin”, 82). Sonra öz nəhayətsiz külli iradəsindən yer üzünün xəlifəsi olaraq yaratdığı insana cüzi iradə adlı bir hədiyyə bəxş etdi. Bu hədiyyə insanı təkcə digər canlılardan deyil, eyni zamanda insanları da bir-birindən fərqləndirən, onlar arasındakı müxtəlifliyi göstərən ruh gücü idi. Elə bu səbəbdən insan oğlunu üstün və dəyərli edən məziyyətlərin başında məhz iradə gücü gəlir.
İnsanlıq tarixinin səhifələrini vərəqləsək, bütün dövrlərdə güclü iradə sahiblərinin parlaq nailiyyətlərinə şahid olarıq. Allahın yer üzündə seçdiyi peyğəmbərlər başda olmaqla onlar qeyri-mümkün sayılan bir çox işləri iradə gücü ilə bacarmışlar. Böyük şəxsiyyətlər məhz iradə sayəsində zülmət qaranlıqları işıqlandırmağa, açılmaz kimi görünən qapıları açmağa, keçilməz yolları, aşılmaz dağları aşmağa səy və əzm göstərmişlər. İradənin dəyərini bilən bu insanlar bütün dövrlərdə bəşəriyyətin həyatına, taleyüklü hadisələrə istiqamət vermişlər. Bu uca şəxsiyyətlər insanlara həm dünyanın çətinlik və məşəqqətlərinə sinə gərməyi, həm də onların öz daxili dünyalarını – hiss, düşüncə və qərarlarını idarə etməyi öyrətmişlər. Bu səbəblə də insanlıq üçün gözəl örnəyə, mənəvi rəhbərə çevrilmişlər.
Bəs insanlığa böyük nailiyyətlər qazandıran iradə nə deməkdir və necə əldə olunur?
İradə bir şeyi edib-etməməklə bağlı qərar vermək və ya iki şeydən birini seçməkdir. Daha geniş ifadə ilə vərdişlərdən əl çəkmək, ürəyinin hər istədiyini etməmək, şeytan və nəfsin istəklərinə qarşı çıxmaq, eyni zamanda Allahın iradə və rizasını öz istəklərindən üstün tutmaqdır.
İradə insana bəxş edilən elə bir işıqdır ki, onun olduğu yerdə ilahi nur və rəbbani iradə də təcəlli edər. Bu təcəlliyə məzhər olan insanın iradəsi Yaradanın sonsuz iradəsi ilə bütünləşərək məhdudluqdan çıxıb sərhədsizliyə qovuşar. Belə bir insan öz iradəsini ancaq Rəbbinin iradəsinə bağlamaqla həqiqi kamillik zirvəsinə ucalar. Mərifət və eşq sarayına varmış böyük Füzuli kimi Rəbbinin iradəsində fani halda belə tərənnüm edər:
“Oldur mana murad ki, oldur Sana murad,
Haşa ki, Səndən özgə ola müddəa mana”.
(Mənim istəyim ancaq Sənin istəyindir.
Səndən və Sənin istəyindən başqa bir şey əsla istəmərəm).
Həqiqət axtarışında olan və Allaha vüslət məqamına çatmaq istəyənlər üçün yolun başlanğıcıdır iradə. Onlar sevgi məşəlinin işığı və iradəsinin gücü ilə Haqqın çağırışına tərəf istiqamət alarlar. İlahi yardım və iradə gücünə görə bəziləri bu məsafəni addım-addım, bəziləri isə ildırım sürətiylə qət edərlər. Yolun başlanğıcında “mürid” (Allahı istəyən, arzulayan) sayılan bu insanlar cəhd, əzm, qətiyyət, sədaqət və ixlas sayəsində, nəhayət, “murad” (Allahın istədiyi) adlanan bir məqama çatarlar.
Mürid “Ey Rəbbim! Köksümü açıb genişlət!” (“Taha”, 25) söylədiyi halda, murad məqamında olan “Məgər Biz sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?!” (“Şərh”, 1) fərmanına məzhər olar. Habelə mürid “Ey Rəbbim! Özünü (camalını) mənə göstər” (“Əraf”, 143) deyə dilədiyi zaman, murad məqamının sahibi “Onun gözü nə yayındı, nə də qamaşdı” (“Nəcm”, 17) üfüqünə çatar.
Övliyalar sərtacı Əbdülqadir Gilaniyə görə, mürid əməli müqabilində qarşılıq gözləyər, murad əməli görməz, tam əksinə, ona lütf edilən yardım və yaxşılıqları görər. Mürid Allaha yaxınlaşmağa cəhd göstərər, murad məqamına çatan isə yaxınlaşdırılar. Mürid öz tövbəsinin kölgəsinə sığındığı halda, murad Haqqın inayətinin kölgəsinə sığınar. Mürid piyada yol gedərkən murad uçaraq gedər. Mürid qapının eşiyində gözləyərkən murad qapıdan içəri keçərək Haqqa qürbiyyət qazanar. Lakin mürid saleh və gözəl əməlləri ilə yolunda sabitqədəm olsa, gec-tez murad məqamına yüksələr.
İradə sahibi olmaq ciddi fədakarlıq və əzmkarlıq tələb edir. Çünki insanı böyüdüb ucaldan iradəsi, kiçildib alçaldan isə iradəsizliyidir. İnsanın hürr iradəyə sahib olduğunu Uca Allah bizə açıq şəkildə belə bəyan edir: “Biz insana doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun” (“İnsan”, 3). Habelə “Qurani-Kərim” digər varlıqlardan fərqli olaraq insanın iradəsinə görə məsuliyyət daşıdığını bizə bildirir: “Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünədir. Rəbbin haqsız yerə bəndələrə zülm edən deyildir!” (“Fussilət”, 46).
Həzrət İsa (ə) iradənin əhəmiyyətini vurğulayaraq buyurur: “Siz istəyin – veriləcək. Axtarın – tapacaqsınız. Qapını döyün – üzünüzə mütləq açılacaq…”
Yox, əgər istəyiniz, iradəniz yoxdursa, onda İmam Rəbbaninin söylədiyi kimi, heç olmasa, “istəməyi istəyin”. Lakin insan nə istədiyini də yaxşı bilməlidir. Çünki nə istədiyini bilməyən, təbii ki, nə tapdığının da fərqində olmaz.
İradə sahibi Allah sevgisi ilə alışıb-yanar və sevgisini sübut etmək üçün sevdiyinə itaət edər, Onun əmrlərinə tabe olar. Həzrət Əlinin (ə) ifadəsi ilə desək, qəlb qulağı ilə Rəbbindən gələn ilhamları dinləməyə çalışar. Haqqın nuru ilə baxdığı üçün hər yerdə Onun əsərlərini görər və həqiqətdə Ondan başqa fail olmadığını müşahidə edər.
İradə sahibi olmaq Haqqa boyun əyməklə yanaşı, eyni zamanda Ona çağırana da tabe olmaqdır. Çünki insan iradəsini həmişə lazımi şəkildə ortaya qoya bilmir. Ona görə də zəif insanın Allaha iradəsini təslim etmiş bir Haqq dostundan yardım alması lazım gəlir. Bu misalı bir mənqibənin dili ilə belə ifadə edə bilərik:
“Günlərin birində Haqq dostlarından Cüneyd Bağdadi bazarda bir tələbəsi ilə qarşılaşır. Bu tələbə iradəsinin zəifliyi nəticəsində bir xətaya düşmüş, xəcalətindən dərgahdan qaçmışdı. Könlü xarabaya dönmüş bu tələbə ustadını görən kimi utancından dərhal oradan uzaqlaşmağa çalışır. Cüneyd Bağdadi yanındakı insanlara: “Siz dərgaha qayıdın, mənim yuvamdan bir quş uçub” deyərək tələbəsinin arxasınca gedir. Nəhayət, tələbə öz ustadını qarşısında görüncə başını önünə əyir, rəng verib rəng alır. Ustad nəvaziş dolu səsiylə: “Oğul! Hara gedirsən, kimdən qaçırsan? Bir müəllimin tələbəsinə kömək və himməti belə çətin günlərində olar” deyir və şəfqətlə əlindən tutub dərgaha qaytarır”.
İradə sahibləri Yaradanın şəfqət və mərhəmət nəzəriylə yaranmışlara baxarlar. Bir insanın iradəsi nə qədər zəif olsa və nə qədər günaha batmış olsa, iradə sahibləri ondan üz çevirməz, onu heç vaxt tənha qoymazlar. Peşman olub tövbə etməsi, hüzn suyu ilə qəlbini yuyub təmizləməsi üçün ona yardım göstərərlər. İnsanların eyib və qüsurlarını görməzdən gəlib doğru-düzgün həyat yaşamaları üçün onlara fürsət verərlər. Bütün insanlara Mövlana Cəlaləddin Rumi kimi “Kim olursan ol, gəl… bura ümidsizlik dərgahı deyil, tövbəni yüz dəfə pozsan belə, yenə gəl” deyər, lakin “gəldiyin kimi qalma, dəyiş, yenilən!” söyləyərlər. Ən əsası, bu çağırış təkcə onların söz və ifadələrində yox, əməllərində də öz təsdiqini tapar. Eynilə bu qissədə olduğu kimi:
“Bir gün Mövlana dərgahda söhbət etdiyi əsnada bir sərxoş içəri daxil olur. Həmin vaxt dərvişlər onu çölə çıxartmaq istəyirlər. Mövlana o sərxoşun həqiqəti axtarmaq üçün dərgaha sığındığını düşünərək onu incidib qovmaq istəyənlərə belə xitab edir: “Şərabı o içib, lakin sanki siz sərxoş olmusunuz!”
İnsan həm səfil və zəlil vəziyyətə düşə bilən, həm də əzmi və əzəmətiylə ucaldıqca ucalan bir varlıqdır. Əgər insan nəfsinin əsiri olaraq yaşayarsa, Qurani-Kərimin ifadəsi ilə “aşağıların aşağısı” (“Tin”, 5) rəzil bir həyatın məhkumuna çevrilər. Əksinə, düşüncə və iradə gücündən istifadə edərsə, “Biz Adəm övladını şərəfli qıldıq” (“İsra”, 70) ayəsinə əsasən, üstün varlıq olaraq ülvi bir həyatın memarına çevrilər. Bu həyatın əsl məqsədi də insanı səfalət bataqlığından Allaha yaxınlıq məqamının zirvəsinə yüksəltməkdir.