Aktual

Rusiya sülhməramlıları Azərbaycandan “nəyinsə qarşılığında” çıxıb? – EKSPERT RƏYİ

Bir neçə gün əvvəl Rusiya sülhməramlı qüvvələrinin münaqişənin başa çatdığı Qarabağdan çıxarılması barədə xəbərlər yayılıb. Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb və bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Sülhməramlıların səlahiyyət müddətinin 2025-ci ilə qədər olmasına baxmayaraq, bölgəni vaxtından əvvəl tərk etməsi Azərbaycan cəmiyyətində sevinclə qarşılanıb. Ancaq bu, müəyyən müzakirələrə də səbəb olub. Həmçinin bəzi insanlar tərəfindən bu addımın hansı zərurətdən doğduğu maraqla qarşılanıb.

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Mübariz Göyüşlünün fikirlərini öyrənib. O qeyd edib ki, Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsini müsbət qiymətləndirir:

“Hesab edirəm ki, Rusiya sülhməramlılarının nəinki Azərbaycanda olmasına, ümumiyyətlə Cənubi Qafqazda olmasına ehtiyac yoxdur. Çünki Rusiya və Qərb ölkələri də daxil olmaqla hər hansısa bir dövlətin Cənubi Qafqazda hərbi hissəsinin, hərbi bazasının, hərbi mövcudluğunun iştirakı fəsadlar yarada bilər və Rusiya sülhməramlı qüvvələri də Azərbaycan–Ermənistan münaqişəsinə görə bunu əsas gətirərək burada iştirak ediblər. Ancaq artıq münaqişə bitib, bu məsələ tarix olub. Azərbaycan bu problemi həll edib və Qarabağ bölgəsində separatizm ləğv olunub, ona görə də Rusiya tərəfinin bölgədə qalmasına ehtiyac yoxdur. Düşünürəm ki, Rusiya sülhməramlılarının vaxtından öncə ölkəni tərk etməsi Azərbaycan və Rusiyanın bir-birlərinə qarşılıqlı etimadının göstəricisidir və hər iki dövlət liderlərinin qarşılıqlı əlaqələrinin nəticəsidir. Rusiya yaxşı bilir ki, Azərbaycan həm etibarlı qonşu, həm də etibarlı mütəffiqdir və heç bir zaman da öz ərazisindən qonşularına qarşı istifadə olunmasına imkan verməz”.

Ekspert sülhməramlıların bölgədən çıxarılmasının hansı zərurətdən doğduğu barədə narahatlıqlara da münasibət bildirib:

“Bunu Rusiyanın nəyinsə qarşılığında etməsi ilə bağlı deyilənlərə gəldikdə isə hesab edirəm ki, bu xaricdən idarə olunan bir qrupun çirkin kompaniyasıdır. Xatırlıyırsınızsa, 44 günlük müharibə başlayanda deyirdilər ki, “nəticə alınmayacaq”, amma biz nəticəni aldıq. Daha sonra, qondarma rejimin qalıqları Xankəndində qalmışdı. Deyirdilər ki, “separatizm ləğv olunmayacaq”. Biz onu da ləğv etdik və ən sonda deyildi ki, “rus qoşunları bölgədən çıxmayacaq”, amma biz rus qoşunlarını da çıxardırıq. İndi isə deyirlər ki, “rus qoşunları nəyinsə qarşılığında çıxırlar” və mən bunları rədd edirəm, qəbul etmirəm. Bu Azərbaycan dövlətinin, onun liderinin siyasətinə kölgə salmaq cəhdidir. Azərbaycan dövləti hazırda özünün ən güclü dövrlərindən birini yaşayır, Cənubi Qafqazın ən güclü dövlətidir və Azərbaycan dövləti yalnız Cənubi Qafqazla kifayətlənən deyil, qlobal miqyasda siyasət yürüdür. Belə bir siyasət xətinin isə nə qədər böyük olsa da Rusiya ilə anlaşması, Rusiya qoşunlarının buradan çıxarılmasına cəhd göstərilməsi, buna nail olması təbii bir məsələdir. Ona görə də mən deyilənləri qətiyyən qəbul etmirəm”.