“Ukrayna ilə bağlı son təklifə Kiyev və Qərb razı olarsa, Ukraynada hərbi əməliyyatlara dərhal son qoya bilərik”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammitində bildirib.
“İyunun ortalarında biz Ukrayna tərəfinin və ən əsası onun Qərb sponsorlarının razılığını nəzərə alaraq, Ukrayna münaqişəsinin həlli ilə bağlı daha bir təklif təqdim etdik ki, bu, hərbi əməliyyatlara son qoymağa, insan tələfatının qarşısını almağa imkan verəcək”, – Putin qeyd edib.
Putin eyni məqsədə nail olmaq üçün göstərdikləri səylərə görə ŞƏT-ə üzv ölkələrə də təşəkkür edib: “Hörmətli həmkarlar, biz Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinə bu münaqişənin həlli ilə bağlı təkliflərinə görə minnətdarıq. Rusiya, şübhəsiz ki, sizin ideya və təşəbbüslərinizi nəzərə almağa hazırdır”.
Prezident həmçinin Ukrayna üzrə sülh danışıqları üçün yeni şərtlər irəli sürüb. Bunlara Rusiyanın işğal etdiyi dörd regiondan Ukrayna qoşunlarının çıxarılması və Qərbin Rusiyaya qarşı bütün sanksiyalarının ləğvi daxildir. O, həmçinin Kiyevdən NATO-ya üzvlükdən imtina etməyi və Ukraynanın bloklara qoşulmamaq və nüvə silahına sahib olmamaq barədə öhdəliyini təsdiq etməyi tələb edib.