Xəbərlər

Rusiya XİN: “3+3” platformasının təşkilata çevrilməsi üzərində işləyirik

Rusiya Cənubi Qafqaz üçün formalaşdırılmış “3+3” platformasını tamhüquqlu təşkilata çevirmək üzərində işləyir.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya – Ermənistan” ikinci ictimai forumunda deyib.

“Biz “3+3” regional əməkdaşlıq platformasına bütün region ölkələrinin maraqlarının təmini baxımından mühüm yer ayırırıq, onun Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamhüquqlu təşkilata çevrilməsi üzərində işləyirik”, – deyə nazir müavini qeyd edib.

Qaluzin əlavə edib ki, Moskva əvvəlki kimi bütün hallarda Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməkdən çəkinmir.

Qeyd edək ki, Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan edib. 2021-ci il dekabrın 10-da Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətçi regional platformanın ilk iclası keçirilib.