Xəbərlər

Rusiya XİN: Aİ Ermənistana pul göndərməklə Cənubi Qafqazda dağıdıcı təsirini yaymaq istəyir

“Avropa İttifaqı (Aİ) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərməklə Cənubi Qafqazda öz dağıdıcı təsirini yaymağı istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova söyləyib.

“Biz dəfələrlə qeyd etmişik ki, Aİ öz dinc siyasi əsaslarını itirib və onun heç bir sülhyaratma potensialı yoxdur. Elə vaxtlar olub ki, Aİ ən azı sözlə desək, hansısa sülhsevər, sabit vəziyyətə can atırdı. Nəyisə gücləndirin, danışıqlar aparın vəs. deyirdi. İndi göz qabağındadır ki, hansı qərarlar qəbul edilir, hansı sənədlər imzalanır, Aİ hərbiləşdirmə, qarşıdurma kursu götürüb və bu, öz vətəndaşlarının deyil, ABŞ və NATO-nun maraqlarına xidmət edir”, – Zaxarova bildirib.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro ayırmaq planlarının arxasında, təbii ki, Aİ-nin öz dağıdıcı təsirini bu regiona, yəni Zaqafqaziyaya yaymaq üçün geosiyasi hesablamaları var.