Xəbərlər

Rusiyanın İraqdakı səfiri İŞİD-in canlanması ilə bağlı xəbərdarlıq edib

“Rusiya tərəfi Yaxın Şərqdə İŞİD terror qruplaşmasının dirçəlməsi təhlükəsi barədə xəbərdarlıq edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev deyib.

“Təəssüf ki, Yaxın Şərqdə İŞİD-lə bağlı səhifə tam bağlanmayıb. Üstəlik, hazırda onun canlanması təhlükəsi var. Suriyada Bəşər Əsəd rejiminin gözlənilmədən devrilməsi, şübhəsiz ki, İŞİD üzvləri və onlara rəğbət bəsləyənlər arasında ikinci şansa sahib olduqlarına dair ümidlər yaradıb. Ümid edirəm ki, bu gözləntilər yalandır, lakin biz rahatlaşa bilmirik. Artıq Suriya ilə İraq arasındakı Suriya səhra zonasında İŞİD hücrələri aktivləşib”, – səfir bildirib.

Onun sözlərinə görə, bu, hələ ki, əhəmiyyətli heç nə ilə müşayiət olunmayıb, “amma hər an hər şey ola bilər”: “Xatırlamaq lazımdır ki, İŞİD ilk dəfə yarananda tamamilə gözlənilmədən peyda oldu və çox sürətlə geniş əraziləri ələ keçirdi. Düzdür bunun səbəbləri var idi. Amma yenə deyirəm, bu günə kimi terror təşkilatının kökü kəsilməyib. Deməli, yəqin ki, revanş haqqında düşünürlər. Aydındır ki, ikinci macəra şansı olmayacaq, amma residiv cəhdləri ehtimalı var”.

Kutraşev İraqın belə bir ssenariyə hazırlaşdığına diqqət çəkib: “Yerli təhlükəsizlik qüvvələri, dini dairələr, siyasi partiyalar, bir sözlə hamı mümkün təhlükənin fərqindədir. Hələlik bu kontekstdə əsas diqqət Suriyadakı vəziyyətdir. Məlum olduğu kimi, Dəməşqin yeni hakimiyyət orqanları ölkənin bütün ərazisini nəzarətə götürməyə çalışır. Bu, heç də hər yerdə işləmir və heç də həmişə uğurlu olmur”.

“Ümumiyyətlə, uzun müddətdir həll edilməmiş, ilk növbədə sosial-iqtisadi və daxili siyasi problemlər, qeyri-sabit regional vəziyyətlə birlikdə İŞİD-in canlanması riskini yaradır”, – Rusiya diplomatik missiyasının rəhbəri qeyd edib.