Xəbərlər

Ruslan Quliyev və Akif Kazımlı “Füyuzat” jurnalının qonağı olub

“Die Brücke” Azərbaycan–Almaniya Mədəniyyət Mərkəzinin təsisçisi və direktoru Ruslan Quliyev və təsisçisi Akif Kazımlı “Füyuzat” jurnalının qonağı olub.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktor müavini Kənan Şabiyev, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu qonaqlarla görüş keçirib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb. Eyni zamanda, Azərbaycanın dünya ölkələri ilə mədəniyyət sahəsində əlaqələrinin vacibliyindən danışılıb və “Die Brücke” Azərbaycan–Almaniya Mədəniyyət Mərkəzinin bu istiqamətdə atdığı addımlara toxunulub. Qeyd edilib ki, bu cəhətdən “Füyuzat” jurnalı da hələ ötən əsrin əvvəllərindən Azərbaycan xalqının mədəni yüksəlişinin bayraqdarına çevrilmiş, jurnal bu gün ictimai-siyasi və mədəni həyatımızda öz tarixi missiyasından çıxış etməyə davam etməkdədir.

Həmçinin MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən bəhs edilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği istiqamətində atılacaq addımlarından danışılıb.

Öz növbəsində qonaqlar MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.