Oktyabrın 4-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tarixçi-alim, araşdırmaçı-yazar Əfqan Vəliyevin oxucularla imza günü keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, yazar saat 12:00-dan 15:00-dək MİMTA Yayımlarının stendində oxucularla görüşəcək və kitablarını imzalayacaq.
Qeyd edək ki, Əfqan Vəliyev MİMTA Yayımları tərəfindən çap edilən Azərbaycanın tanınmış mütəfəkkiri, görkəmli ictimai-siyasi xadimlərindən biri Mirzə Bala Məmmədzadənin həyat və fəaliyyətlərindən bəhs edən “Mirzə Bala Məmmədzadə və Azərbaycan siyasi düşüncə tarixi” adlı kitabının müəllifidir.
Əsər Mirzə Bala Məmmədzadə və onun Azərbaycanın siyasi düşüncə tarixindəki rolundan bəhs edir. Kitab müəllifin illər ərzində ərsəyə gətirdiyi sosioloji-tarixi bir araşdırmadır.
Əsər, əsasən, siyasi tarix, sosiologiya, mühacirət ədəbiyyatı, mətbuat tarixi ilə məşğul olan tədqiqatçılar, eləcə də milli dövlətçilik ideologiyası ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Siz də sevdiyiniz yazıçıdan imzalı kitab əldə etmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!



