Sabah Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Qəlbini nəsihətlə dirilt” kitabının təqdimat mərasimi olacaq.
“Füyuzat”ın məlumatına görə, tanıtım mərasimi saat 18:00–18:45-də “Nizami Gəncəvi” təqdimat zonasında baş tutacaq.
Qeyd edək ki, kitab müəllifin “Füyuzat” dərgisində müxtəlif dönəmlərdə yayımlanan silsilə yazıları əsasında hazırlanıb.
Kitabda təqdim olunan hər bir nəsihət sizi düşünməyə, dərk etməyə və dəyişməyə səsləyərək qəlbinizin dərinliklərinə toxunacaq. Bu nəsihətlər sadəcə sözlərdən ibarət deyil, onların hər biri hikmət xəzinəsidir. Hər bir sətrində sanki iç dünyanıza tutulmuş bir güzgü görəcəksiniz – özünüzlə üz-üzə gələcək, unutduğunuz dəyərləri xatırlayacaq, bəlkə də, ilk dəfə olaraq varlığınızın əsl mənasını düşünəcəksiniz.
Bu sözlər könül dünyanızı aydınladacaq, ruhunuzu qaranlıqdan işığa aparacaq və həyat yolunda sizə sadiq, səssiz, lakin hikmətli bir yoldaş olacaq. Bu kitab sizi iç dünyanıza doğru bir səfərə çağırır.
Çünki səmimi nəsihət unutqanlıq pərdəsi ilə örtülmüş qəlbləri oyadır, insanın özünü tanımasına və mənən dəyişməsinə səbəb olur.
Bundan əlavə, Muxtar Cəfərli MİMTA Yayımları tərəfindən çap edilən “İdrak işığı” və “Azərbaycan elm və irfan sərdarları” kitablarının müəllifidir.
Qeyd edək ki, müəlliflə həmsöhbət olmaq və imzalı kitab əldə etmək istəyənlər 3, 4, 5, 6 oktyabr tarixlarində MİMTA Yayımlarının stendinə yaxınlaşa bilər.



