Xəbərlər

Sabah İtaliyada G7 Xarici İşlər Nazirləri Toplantısı başlayır

Sabah İtaliyanın ev sahibliyi ilə G7 Xarici İşlər Nazirləri Toplantısı başlayır. G7-nin gündəliyinə Yaxın Şərqdə baş verənlər, Ukrayna müharibəsi, Afrika, Hind-Sakit okean regionunun sabitliyi, süni intellekt, kibertəhlükəsizlik və dezinformasiya ilə mübarizə kimi məsələlər daxildir.

“Füyuzat”ın məlumatına görə, ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri İtaliyanın müddətli prezidentliyi və ev sahibliyi ilə beynəlxalq gündəmdəki məsələləri müzakirə etmək üçün bir araya gəlir.

İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacaninin rəhbərlik edəcəyi toplantıda G7 qrupunun xarici işlər nazirləri 2 gün ərzində beynəlxalq gündəmdəki məsələləri müzakirə edəcəklər.

Tacani bu axşam Kapridə qonaqlarını qarşılayacaq və nazirlər sabah ilk iclasını keçirərək danışıqlara başlayacaqlar.

İtaliya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, görüşdə Yaxın Şərqdən başlayaraq İranın İsrailə hücumu və onun nəticələri, Qəzza və Qırmızı dəniz böhranı müzakirə olunacaq.

Tacani həmçinin G7 xarici işlər nazirlərinin Rusiyanın Ukraynaya hücumunu müzakirə edəcəyi iclasa Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO-nun baş katibi Yens Stoltenberqi də dəvət edib.

Ev sahibi İtaliya hökumətinin xüsusi marağına uyğun olaraq Afrika məsələləri də iclasın gündəliyində olacaq. Bu sessiyada Mavritaniyanın xarici işlər naziri, Afrika İttifaqının sədri Məhəmməd Salim Merzuk iştirak edəcək. Sessiyada G7-nin Afrika ilə tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, görüşdə Hind-Sakit okeanı regionunun sabitliyi, süni intellekt, kibertəhlükəsizlik, infrastruktur əlaqələri və dezinformasiya ilə mübarizə məsələləri də müzakirə olunacaq.