Xəbərlər

Sabahdan 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi başlayır

Sabahdan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 7-dək Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Sərgidə “Füyuzat” və “İşıq” dərgiləri, eləcə də “YAZ Yayımları” bu il də “MİMTA Yayımları” stendində oxucuların görüşünə gələcək. Onu da qeyd edək ki, sərgidə həm “MİMTA Yayımları”, həm də “Füyuzat”dan kitablar silsiləsinə daxil olan yeni kitablar ilk dəfə oxuculara təqdim ediləcək. Oxucular “MİMTA Yayımları”na ayrılan imza saatlarında müəlliflərdən birbaşa imzalı kitablar da əldə edə biləcəklər. Bundan əlavə, ziyarətçilər “MİMTA Yayımları”nın stendinə yaxınlaşaraq yeni nəşrlərlə tanış ola biləcək, digər müəlliflərlə fikir mübadiləsi aparıb kitab imzalatmaq fürsəti əldə edəcəklər.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

Qeyd edək ki, bu il sərginin fəxri qonaq ölkəsi Qətər Dövləti olacaq. Bu ölkə tərəfindən sərgiyə dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti qatılacaq. Sərginin beynəlxalq salonunda isə Qətərin zəngin mədəni irsini, çağdaş ədəbiyyatını və bədii incilərini əks etdirən ekspozisiya təqdim olunacaq.

Sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Sərginin iş vaxtı 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.