Xəbərlər

Şagirdlərə Hüseyn Cavid yaradıcılığı ilə bağlı açıq dərs keçirilib

Dünən Abşeron rayonu, Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülfiyyə Sadıqova Hüseyn Cavidin Ev Muzeyində öz şagirdlərinə “Hüseyn Cavidi həm bir şəxsiyyət, həm bir müəllim, həm də bir sənətkar kimi tanımaq hər bir azərbaycanlının mənəvi borcudur” mövzusunda açıq dərs keçib.

“Füyuzat”ın məlumatına görə, müəllim rəhbərlik etdiyi 6-cı sinif şagirdlərinə Hüseyn Cavidin dünyanın tanıdığı görkəmli dramaturq olmaqla bərabər, bir azərbaycanlı kimi milli, insani xüsusiyyətləri özündə əks etdirən ziyalı şəxsiyyət olduğunu xüsusi vurğulayıb. Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan H.Cavidin ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran mənzum faciələri və tarixi dramları haqqında da şagirdlərə ətraflı məlumat çatdırılıb.

Daha sonra müəllimlərlə Hüseyn Cavidin həyat və yaradıcılığının məktəblərdə necə, hansı səviyyədə tədris edilməsi, məktəblilərin Hüseyn Cavid yaradıcılığına göstərdiyi maraq barəsində söhbətlər aparılıb.

Açıq dərs çərçivəsində şagirdlərə Hüseyn Cavidin həyatı və yaradıcılığı, muzeyin eksponatları haqqında ətraflı məlumat verilib, xatirə şəkli çəkdirilib.