Azərbaycan xalq sənətində özünəməxsus yer tutan sənətlərdən biri də şəbəkə sənətidir. Bu sahə həm funksional, həm də estetik baxımdan yüksək qiymətləndirilir. Bu sənət növü, əsasən, ağac materialı üzərində mürəkkəb həndəsi naxışlarla işlənmiş pəncərə, qapı, divar və digər dekorativ elementlərin hazırlanmasını əhatə edir. Şəbəkə sənəti yalnız ustalıq deyil, eyni zamanda riyazi düşüncə, zövq və səbir tələb edir.
Şəbəkə sənətinin yaranması orta əsrlərə – Azərbaycan memarlığının çiçəkləndiyi dövrlərə təsadüf edir. Bu sənət forması, əsasən, Şəki, Naxçıvan, Gəncə, Ordubad və Təbriz kimi qədim şəhərlərdə geniş yayılmışdır. Xüsusilə Şəki şəhərində yerləşən Şəki Xan Sarayı bu sənətin nadir incilərini özündə ehtiva edir.
Ənənəvi şəbəkə sənəti təxminən XVIII–XIX əsrlərdə qızıl dövrünü yaşamışdır. Bu dövrdə ustalar yalnız ağacdan – heç bir mismar və ya yapışqan istifadə etmədən mürəkkəb konstruksiyalar yaratmışlar. Şəbəkə sənətini həm texniki, həm də estetik baxımdan belə nadir edən də məhz budur.
Şəbəkə sənətinin əsas texniki xüsusiyyətləri bunlardır: əsasən, qoz, armud, fıstıq kimi bərk ağac növlərindən istifadə olunur; rəngli şüşə parçaları naxışların içərisinə yerləşdirilir; ən əsası da heç bir yapışqan və mismar istifadə olunmur – bütün hissələr bir-birinə keçmə üsulu ilə birləşdirilir.
Usta əvvəlcə kağız üzərində mürəkkəb həndəsi naxışlar çəkir. Daha sonra hər bir detal ayrı-ayrılıqda ağacdan kəsilir, hissələr bir-birinə “qəlib-kəsmə” üsulu ilə keçirdilir, boşluqlara əl ilə kəsilmiş rəngli şüşələr yerləşdirilir, sonda isə bütün detallar ustalıqla birləşdirilərək bütöv bir şəbəkə kompozisiyası yaradılır.
Şəbəkə sənətində istifadə olunan naxışlar təsadüfi deyildir. Onlar çox zaman harmoniya, əbədiyyət, həyat tərzi, kainatın quruluşu kimi fəlsəfi anlayışları ifadə edir.
Əvvəllər şəbəkə yalnız saraylarda, məscidlərdə, evlərin pəncərələrində və qapılarında istifadə olunurdusa, müasir dövrdə bu sənət interyer dizaynında, restoran və otel dekorasiyalarında, suvenirlərdə və sərgi nümunələrində istifadə olunur.
Müasir dövrdə şəbəkə sənəti ilə məşğul olan ustalar ənənəvi texnikanı qorumağa çalışır, kompüter texnologiyalarından istifadə etməklə layihələndirmə mərhələsini asanlaşdırır və beləcə əsərlərin beynəlxalq sərgilərdə nümayiş etdirirlər.
Qeyd edək ki, 2010-cu ildə Şəki Xan Sarayı və onun memarlıq nümunələri UNESCO tərəfindən Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu, şəbəkə sənətinin də beynəlxalq səviyyədə tanınmasına böyük təkan vermişdir.
Şəbəkə sənəti yalnız bir sənət növü deyil, o, Azərbaycanın mədəniyyətinin, estetik dünyagörüşünün parlaq göstəricisidir. Onu qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin mədəni borcudur.



